Türkiyədə görüş istisna edilməyib

Tarix: 20:00 08.07.2025
Rusiya, ABŞ və Ukrayna prezidentləri görüşə bilərlər. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə müsahibəsində deyib. Türkiyə XİN rəhbəri Rusiyanın danışıqların üçüncü raunduna hazır olduğunu və Ukraynanın cavabının gözlənildiyini bildirib. “Əvvəlki vaxtla müqayisədə Prezident Putin də daxil olmaqla hamı həmkarları ilə bir araya gəlməkdə problem görmür. Yəni Donald Tramp, Vladimir Putin və Volodimir Zelenskinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi altında bir araya gəlməsi prinsipcə mümkündür”.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elşad Həsənov bildirib ki, ABŞ dəstəyi ilə Rusiya-Ukrayna görüşünün keçirilməsi qaçınılmazdır:
“Rusiya-Ukrayna görüşünün ikinci raundu keçirilib. Bu görüşdən sonra çoxlu əsir və yaralı dəyişdirilib. Üçüncü raundun keçirilməsi də çox vacibdir. Müharibənin dayandırılması üçün mühüm bir amil ola bilər. İkinci görüşdə Zelenski Türkiyəyə gəldi və bildirdi ki, əgər Putin gələrsə, mən görüşməyə hazıram. Ancaq təəssüf ki, Putin gəlmədi və öz nümayəndələrindən birini göndərib. Müharibənin dayandırılması üçün heç bir addım atılmayıb. Rusiya Ukraynanın bir sıra kənd və şəhərlərini ələ keçirib. İndi isə artıq Putin Tramp ilə sonuncu danışığında bildirib ki, biz öz məqsədlərimizə çatmadan müharibəni dayandırmayacağıq. Tramp isə Putinin bu siyasətindən narazı qaldığını bildirib və Ukraynaya müdafiə silahlarının verilməsi ilə bağlı qərar qəbul edib. Bu görüş Rusiyanın gələcək məğlubiyyətinin qarşısını ala bilər. Zelenski də bu görüşə razılıq verəcək, çünki o, bu müharibənin dayandırılmasını istəyib. Bu sülh isə Ərdoğanın böyük səyləri sayəsində baş tuta bilər”.
Aygün Babayeva