Husilərin Yunanıstan gəmisinə hücumu nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Tarix: 20:06 08.07.2025
Yəmən sahillərində “Eternity C” yük daşıyan gəmisinə hücum nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
“İnformator.az" xəbər verir ki, bu barədə Yunanıstanın “ERT-news” telekanalı məlumat yayıb.
“Qırmızı dənizdə Liberiya bayrağı altında üzən Yunanıstanın “Eternity C” ticarət gəmisinə husilərin hücumundan sonra 3 nəfərin ölməsi ilə bağlı xəbərlər təsdiqlənib. İlkin olaraq ölənlərdən ikisinin meyiti mühərriklərin olduğu bölmədə tapılıb. Daha sonra üçüncü ölüm hadisəsi ilə bağlı məlumat təsdiqlənib. Həmçinin iki nəfərin yaralı olması ilə bağlı xəbərlər var”, - telekanal vurğulayıb. “Reuters”in məlumatına görə, gəminin heyəti ümumilikdə 21 Filippin və 1 Rusiya vətəndaşı, həmçinin silahlı mühafizəçilərdən ibarətdir. Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzinin (UKMTO) məlumatına görə, iyulun 7-də gəmi reaktiv qumbaratandan atılmış 5 qumbara ilə vurulub. İyulun 8-də kiçik motorlu qayıqlarla gəmiyə hücum davam edib, gəmi ciddi zədələnib və hərəkətini dayandırıb. Hadisə Yəmənin Hudeyda liman şəhərinin 51 dəniz mili (95 km) qərbində baş verib.