Sızan səs yazısı-Keçmiş Banqladeş lideri etirazlara qarşı “öldürücü güc” göstərişini verib

Bölmə: Dünya › ,
Tarix: 12:20 09.07.2025

 

BBC-nin yayımladığı araşdırmaya görə, keçmiş Banqladeş baş naziri Şeyx Hasina ötən il ölkədə tələbələrin başçılıq etdiyi etiraz aksiyalarına qarşı təhlükəsizlik qüvvələrinə "öldürücü silah işlətmək" göstərişi verib. Bu, internetə sızan və BBC Eye tərəfindən təhlil edilən telefon zənginin səsi ilə təsdiqlənib.

İddialara görə, həmin göstərişdən sonra Dəkkədəki aksiyalarda 1400-dən çox insan həlak olub. Ən qanlı hadisələr 5 avqustda yaşanıb. Hasinanın göstərişi ilə şəhərin müxtəlif ərazilərində hərbi dərəcəli silahlardan istifadə edilib.

Banqladeş prokurorları bu səs yazısını Hasinaya qarşı insanlığa qarşı cinayət ittihamları üzrə sübut kimi istifadə etməyə hazırlaşır. BBC ekspertlərinin təhlilinə əsasən, səs yazısının saxtalaşdırıldığına dair heç bir əlamət yoxdur.

Şeyx Hasina hazırda Hindistanda sığınacaq tapıb və bütün ittihamları rədd edir. Onun rəhbərlik etdiyi Avami Liqası isə baş verənlərə görə məsuliyyət daşımadığını bildirir.

Banqladeş hazırda Nobel mükafatçısı Məhəmməd Yunusun rəhbərlik etdiyi müvəqqəti hökumət tərəfindən idarə olunur və ölkədə yeni seçkilərə hazırlıq gedir.

Mənbə: BBC
Türkan Kərimli