Neftin ucuzlaşması -Azərbaycan iqtisadiyyatına təsiri

Tarix: 19:28 22.07.2025
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelinin qiyməti 0,95 ABŞ dolları, yaxud 1,32 % azalaraq 71,23 ABŞ dolları təşkil edib.
Mövzu ilə bağlı coğrafiya üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Famil Niftiyev “İnformator.az”a açıqlamasında bildirib ki, “Azeri Light” neftinin ucuzlaşması qlobal enerji bazarındakı təməl iqtisadi prinsiplərlə, təklif və tələb arasındakı balansla sıx bağlıdır:
“2025-ci ilin ortalarında müşahidə olunan qiymət azalmasının əsas səbəbləri sırasında ilk növbədə dünya üzrə iqtisadi artımın zəifləməsi durur. Xüsusilə Çin iqtisadiyyatında gözləniləndən daha zəif bərpa prosesi, Avropa İttifaqında yüksək inflyasiya və monetar sərtləşmə tədbirləri, ABŞ-də isə iqtisadi durğunluq riski enerji resurslarına olan tələbi azaldır. Bu, beynəlxalq bazarda neftin alıcılarının daha ehtiyatlı davranmasına və hasilat səviyyəsinin tələbi aşmasına səbəb olur. Eyni zamanda, ABŞ-nin şist nefti hasilatındakı artım bazarda əlavə təklif yaradır. ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına əsasən, ölkənin neft hasilatı gündəlik 13,3 milyon barelə çatıb. Bu isə rekord səviyyədir. OPEC+ ölkələrinin də hasilatla bağlı razılaşmalara tam əməl etməməsi fonunda bazarda təklif artan və qiymətlərə təzyiq yüksəlib. Bundan əlavə, Orta Şərqdə xüsusilə İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin sabitləşməsi, Qəzza böhranının neft nəqliyyatına təsir etməməsi, Rusiya-Ukrayna müharibəsinin enerji logistikası baxımından yeni kəskin mərhələyə keçməməsi kimi amillər də risk mühitini nisbətən yumşaldıb. Bu isə investorların “geosiyasi risk mükafatını” aşağı salır. Son olaraq, ABŞ dollarının digər valyutalara qarşı güclənməsi də qiymət azalmasına təsir edir. Çünki dünya bazarında neftin qiyməti dollarla müəyyənləşir. Dolların dəyərinin artması neftin digər valyutalarda daha baha görünməsinə, bunun nəticəsində isə alış gücünün zəifləməsinə səbəb olur. Azərbaycan neftinin qiymətindəki azalma dünya bazarındakı ümumi proseslərin tərkib hissəsidir. Bu, sırf “Azeri Light” markasına xas bir hadisə deyil. “Azeri Light” markalı neft əsasən Brent markası ilə paralel hərəkət edir və qiyməti ona yaxın müəyyənləşir. Məsələn, 2025-ci ilin iyul ayının ortalarında Brent neftinin qiymətində də 1–1,2% azalma qeydə alınıb. Eyni zamanda, ABŞ-nin WTI markalı neftinin də qiyməti oxşar şəkildə aşağı düşüb. Bu, bazarda vahid istiqamətdə dəyişikliklərin olduğunu göstərir. “Azeri Light” markalı neftin özünəməxsus xüsusiyyəti onun yüksək keyfiyyətli və az kükürdlü olmasıdır. Bu səbəbdən bəzi dövrlərdə digər markalardan 1-2 ABŞ dollar baha satıla bilər. Amma bu fərq daha çox texniki və keyfiyyət fərqi ilə bağlıdır. Qiymətin ümumi istiqaməti və dəyişmə tendensiyası isə dünya bazarının ümumi dinamikasına uyğun formalaşır. Beləliklə, müşahidə olunan qiymət azalması Azərbaycanın daxili iqtisadi və siyasi şəraitindən qaynaqlanmır. Bu, qlobal bazar aktorlarının davranışları, iqtisadi göstəricilər və enerji siyasəti ilə birbaşa əlaqəlidir. Bu mənada, Azərbaycan nefti qlobal enerji bazarının bir hissəsi olaraq digər ölkələrin ixrac etdiyi neft markaları ilə bərabər şəkildə bazar dəyişikliklərindən təsirlənir”.
Ekspert qeyd edib ki, neftin qiymətindəki dəyişiklik, xüsusilə də “Azeri Light” markalı Azərbaycan neftinin ucuzlaşması, ölkə iqtisadiyyatına çoxşaxəli təsirlər göstərir:
“Bu təsirlər bir neçə əsas istiqamətdə özünü büruzə verir. İlk növbədə, bu dəyişiklik dövlət büdcəsinə birbaşa təsir edir. Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin bir bareli üçün orta qiymət 70 ABŞ dolları götürülüb. Hazırda qiymət bu göstəricidən bir qədər yuxarı – 71,23 ABŞ dollar səviyyəsində olsa da, əgər bu azalma davamlı xarakter alsa və qiymət, məsələn, 65 dollara qədər geriləsə, bu, dövlət büdcəsi üçün təxminən 1,2 milyard dollar həcmində gəlir itkisinə səbəb ola bilər. Belə bir itki, büdcədə nəzərdə tutulan sosial xərclərin, əməkhaqları, pensiyalar, təqaüdlər və dövlət investisiya proqramlarının icrasını ya məhdudlaşdırar, ya da təxirə salar. Eyni zamanda neft ixracı Azərbaycanın valyuta daxilolmalarının 85%-dən çoxunu təmin edir. Neft qiymətində azalma, tədiyə balansında müsbət saldonun azalmasına və ya kəsir yaranmasına səbəb ola bilər. Bu da valyuta bazarına əlavə təzyiq yaradır və ölkənin valyuta ehtiyatlarının azalmasına gətirib çıxara bilər. Məsələn, 2024-cü ildə Azərbaycanın mal və xidmət ixracı 39 milyard dollar, idxalı isə 19 milyard dollar təşkil edib. Neftin qiymətinin 10 faiz azalması, ixrac gəlirlərini ən azı 3 milyard dollar azalda bilər ki, bu da tədiyə balansında ciddi təzyiq yaradar. Valyuta gəlirlərinin azalması nəticəsində milli valyutanın sabitliyini qorumaq da daha çətinləşə bilər. Hazırda Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondundan manatın sabitliyi qorunur. Lakin qiymət azalması uzun müddət davam etsə, Neft Fondu daha çox valyuta satmalı olacaq ki, bu da ehtiyatların azalmasına gətirib çıxara bilər. Əgər valyuta ehtiyatları azalarsa və neftdən daxilolmalar aşağı səviyyədə qalarsa, manatın məzənnəsində dəyişiklik riski yaranar. Bu isə ölkədə idxal məhsullarının qiymətinin yüksəlməsi, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi və inflyasiya səviyyəsinin artması ilə nəticələnə bilər. 2015-ci ildə baş verən iki devalvasiya da məhz neft qiymətlərindəki kəskin ucuzlaşmadan sonra baş verdi. Neftin ucuzlaşması sosial sahəyə də dolayısı ilə mənfi təsir göstərə bilər. Dövlətin sosial öhdəliklərinin icrası üçün əsas maliyyə mənbəyi neftdən daxil olan gəlirlərdir. Əgər bu gəlirlər azalarsa, sosial müavinətlərin artırılması, sosial evlərin tikintisi, regionların inkişafı üzrə proqramlar və digər sosial təşəbbüslərin maliyyələşməsi sual altına düşə bilər. Eyni zamanda, qiymət sabitliyinin pozulması, inflyasiya və istehlak mallarının bahalaşması sosial narazılıqları artıra bilər. Uzunmüddətli perspektivdə isə neftin qiymətinin aşağı səviyyədə qalması iqtisadi artıma da əngəl yarada bilər. Çünki dövlətin investisiya imkanları azalacaq, infrastruktur layihələri ləngiyəcək, özəl sektorun dəstəklənməsi zəifləyəcək. Bu isə qeyri-neft sektorunun inkişafını da yavaşladar. Eyni zamanda, iqtisadi mühitdə yaranan qeyri-müəyyənlik xarici investorların da marağını azalda bilər.Nəticə olaraq, neftin qiymətindəki bu azalma hələlik büdcə üçün kritik səviyyəyə çatmasa da, davamlı hal alacağı təqdirdə Azərbaycan üçün iqtisadi, maliyyə və sosial risklər yaradacaq. Bu səbəbdən, hökumətdən həm qısamüddətli fiskal ehtiyat tədbirləri görülməli, həm də orta və uzun müddətdə iqtisadi diversifikasiya sürətləndirilməlidir. Qeyri-neft sektorunun inkişafı və ixrac strukturunun şaxələndirilməsi bu riskləri azaltmaq üçün əsas strategiya olmalıdır”.
Nuray Əliyeva