“ABŞ-Aİ ticarət sazişi qlobal iqtisadi güc balansını dəyişə bilər” -Famil Niftiyev

Tarix: 19:55 28.07.2025
ABŞ prezidenti Donald Tramp Şotlandiyada Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen ilə görüşüb.
Mövzu ilə bağlı Coğrafiya üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Famil Niftiyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ ilə Avropa İttifaqı arasında imzalanan yeni ticarət sazişi, xüsusilə Donald Trampın prezidentliyi dövründə qeyri-ənənəvi diplomatik üslubla müşayiət olunan proteksionist iqtisadi siyasətin davamı kimi qiymətləndirilə bilər:
“Sazişin Şotlandiyada, Trampa məxsus qolf klubunda imzalanması həm simvolik, həm də strateji məna daşıyır. Bu görüşdə əldə olunan razılaşma təkcə ABŞ və Aİ münasibətlərinə deyil, qlobal ticarət sisteminə də ciddi təsir göstərmək potensialına malikdir. İlk növbədə, bu yeni saziş regionlararası münasibətlərdə iqtisadi inteqrasiyanın və qarşılıqlı asılılığın artmasına yol aça bilər. ABŞ və Aİ dünyanın ən böyük iqtisadi güclərindən olmaqla yanaşı, hər iki blok üçün əsas ixrac və idxal bazarlarını təşkil edir. Əgər tərəflər arasında iqtisadi əməkdaşlıq dərinləşərsə, bu digər regional gücləri məsələn, Çin, Hindistan və Rusiya kimi ölkələri də mövqelərini yenidən nəzərdən keçirməyə vadar edəcək. Bu mənada razılaşma qlobal iqtisadi nizamda güc balansının Qərb dünyasının lehinə dəyişməsinə təkan verə bilər. Eyni zamanda, tərəflərin hərbi və enerji sahəsində qarşılıqlı öhdəlikləri, yalnız ticarət deyil, geosiyasi əməkdaşlıq aspektində də inteqrasiyanın dərinləşməsinə işarə edir. Donald Trampın ABŞ-yə Aİ-dən idxal olunan mallara 15% rüsum tətbiqi qərarı isə daha çox proteksionist və daxili iqtisadiyyatın müdafiəsinə yönələn addım kimi şərh olunur. Bu qərar ABŞ istehsalçılarının rəqabət qabiliyyətini artırmaq və idxal mallarını bahalaşdırmaq yolu ilə yerli məhsulların bazardakı payını genişləndirmək məqsədi güdür. Ancaq bu cür rüsumların uzunmüddətli təsiri mübahisəlidir. Bir tərəfdən, bu ABŞ-də müəyyən sənaye sahələrinin dirçəlməsinə səbəb ola bilər. Digər tərəfdən isə Avropa şirkətləri alternativ bazarlara yönələ və ABŞ-yə qarşı cavab tədbirləri görə bilər. Bu isə qarşılıqlı iqtisadi gərginliyə səbəb ola, müəyyən sektorlar üzrə ticarət müharibələrinin yenidən baş qaldırmasına şərait yarada bilər. Beləliklə, 15%-lik rüsum qısamüddətli dövrdə ABŞ iqtisadiyyatına dəstək versə də, uzunmüddətli perspektivdə beynəlxalq ticarət əlaqələrinə zərər vurmaq riski daşıyır”.
Ekspert qeyd edib ki, Azərbaycan üçün bu sazişin nəticələri dolayısı yolla hiss oluna bilər:
“ABŞ və Aİ arasında artan əməkdaşlıq enerji sahəsində yeni razılaşmalar və investisiya imkanları yaradır. Bu da Azərbaycan üçün bir tərəfdən rəqabət mühiti yarada, digər tərəfdən isə strateji tərəfdaşlıq imkanlarını zənginləşdirə bilər. Xüsusilə enerji sektorunda Aİ-nin ABŞ-dən daha çox təbii qaz və digər enerji daşıyıcıları alacağı ehtimalı Azərbaycan qazının Avropa bazarındakı payına təzyiq göstərə bilər. Bu baxımdan Azərbaycan öz qaz təchizatında rəqabət qabiliyyətini artırmaq, alternativ bazarlara çıxışını genişləndirmək və tranzit imkanlarını daha da şaxələndirmək məcburiyyətində qala bilər. Digər tərəfdən, Aİ-nin ABŞ ilə genişlənən texnoloji və hərbi əməkdaşlığı Azərbaycana müdafiə sənayesi sahəsində dolayı təchizat imkanlarının azalmasına və ya qiymətlərin artmasına səbəb ola bilər. Bununla yanaşı, ABŞ və Aİ arasında investisiya razılaşmasının 600 milyard dollar həcmində nəzərdə tutulması, inkişaf etməkdə olan ölkələr üçün kapital axınının zəifləməsi ilə nəticələnə bilər. İnvestorlar daha sabit və gəlirli sayılan ABŞ–Aİ bazarlarına üstünlük verəcəyi üçün Azərbaycan kimi ölkələr investisiya cəlbetmə sahəsində əlavə rəqabətlə üzləşə bilər. Beləliklə, bu ticarət sazişi qlobal iqtisadi sistemdə yeni balans yaratmaqla yanaşı, həm də geosiyasi əlaqələrə təsir edir. Azərbaycan bu şəraitdə öz iqtisadi təhlükəsizlik strategiyasını, enerji diplomatiyasını və sərmayə cəlbetmə siyasətini çevik və ağıllı şəkildə yenidən nəzərdən keçirməlidir. Azərbaycanın Aİ ilə “yaşıl enerji”, nəqliyyat dəhlizləri və qeyri-neft sektoru üzrə əməkdaşlığını gücləndirməsi bu cür qlobal dəyişikliklərə cavab olaraq alternativ inkişaf yolları təklif edə bilər”.
Nuray Əliyeva