İranla Pakistan arasında 10-dan çox sənəd imzalanacaq

Bölmə: Dünya › ,
Tarix: 20:04 05.08.2025

 

İran Prezidenti Məsud Pezeşkianın Pakistana səfəri zamanı 11 əməkdaşlıq müqaviləsi imzalanacaq.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, təbii ki, bu yaxınlaşma əsasən İran Prezidentinin, dövlət tərkibindəki mühafizəkar - radikal dairələrindən fərqli təqdim etdiyi siyasətin örnəkləridir:


“İsrailin İrana hücumları zamanı Pakistanın İrana dəstəyindən sonra İran İslam ölkələrinin gücündən sui-istifadə planını cızıb. Burada hətta Türkiyə də var. Pakistanla imzalanan sənədlərdə Türkiyənin də iştirakının olması müəyyən mənada İslam birliyinə doğru atılan addımdır. Lakin İran həmişə bu tip birliklərdən öz xeyri üçün istifadə etdikdən sonra xəyanət edib. Hazırki səmimi görünən durum sadəcə Məsud Pezeşkiyanın yürütdüyü siyasi görüntünün xoşməramlı təmsilidir. Reallıqda isə İran daxilindəki ideoloji, siyasi institutlar hətta belə addımlara görə Pezeşkiyana qarşı radikal və müxalif mövqedən çıxış edirlər. Təhlükəsizlik məsələlərinə dair sənədlər imzalansa da İran öz daxilində dövlət siyasətini tam müəyyən olaraq təqdim edə bilmir. Ölkə iki və ya daha artıq qurunun fərqli mövqeyi ilə xarici siyasət yürüdür.

SEPAH komandirlərinin xarici siyasətdəki mövqeyi Prezidentin mövqeyindən tam fərqlənir. Bu saat İranda dövlətin artdığı addımlarda əsas aparıcı qüvvə daxildəki dini dairələrdir. Ali dini liderin ətrafındakı radikal, mühafizəkar qurumlar və qruplar Prezidentin gördüyü işləri formal hesab edirlər və lazım gələndə onu tənqid edirlər. Bu da onu göstərir ki, imzalanan sənədlərin radifikasiyası məsələsində, icrasında Prezidentə təsirlər ola bilər. Hətta Pezeşkiyanın bir qədər əvvəl Azərbaycan ilə bağlı işlətdiyi xoşməramlı sözlərə görə onu sərt şəkildə tənqid edərək hədəfə gətiriblər.
İranla Pakistan yaxınlaşması Pakistana deyil, əsasən İrana fayda verə bilər. İran əksinə bu yaxınlaşmadan istifadə edərək Pakistan daxilində məzhəbçi qrupların fəaliyyətini artıraraq qanunsuz narkotik ixracını artıracaq və bu ölkənin dini və milli birliyinə ciddi zərbə vuracaq. İranın daxili, ideoloji prinsiplərinə görə bütün müsəlman ölkələri hədəfdir. İran bu minvalla uzun illərdən bəri Kəşmir problemi məsələsində Pakistan ilə müharibə şəraitində olan Hindistanı müdaifə edib, beynəlxalq aləmdə ona dəstək verib, daima sıx əlaqədə olub.
Hazırda Pakistan daxilində İrana bağlı radikal, məzhəbçi qruplar, himayə etdiyi qruplaşmalar var. Amma Pakistan ilə əlaqələr İranın müəyyən mənada təhlükəsizlik məsələlərinə müsbət təsir edəcək. İsrailə qarşı duruşda Pakistanı da hədəfə çevirəcək. Bu sənədlər praktiki nəticələr doğura bilər ki, Türkiyə bu razılaşmanın reallığa çevrilməsində baş rolda olsun. İranın məzhəbçi və İslam aləmində nifrətə səbəb olan siyasi tutumu, müsəlman ölkələrində birmənalı qarşılanmır. Odur ki, həlledici məqamda Pakistan xalqı hətta dövlətin qəbul etdiyi qərara etiraz da edə bilər. İran əgər bu birlikdən Azərbaycan, Əfqanıstan, Suriya kimi müsəlman ölkələrin əleyhinə işlər çevirmək üçün istifadə edəcəksə, bu birliyin bəxş etdiyi imkanlardan istifadə edərək müsəlman ölkəsinin içinə sızıb təxribatçı planlarını icra edəcəksə effektiv olmayacaq. Düşünürəm ki, bu birlik sadəcə Məsud Pezeşkiyanın ideyalarına uyğundur. İran daxilindəki əsas qüvvələr heç zaman müsəlman ölkələri ilə İranın səmimi birliyini qəbul etməyiblər. Düşünüblər ki, bu yaxınlıq İran xalqının ideoloji siyasi mövqeyini dəyişə bilər. Qatı və sərt, digər müsəlmanlara qarşı barışmaz məzhəbçi ideologiya ilə İran özünü müsəlman ölkələrinin başında görür.
Vaxtilə Suriya və Misirin birləşməsini də İran Hafiz Əsədi geri çəkilməyə məcbur etməklə pozub. İran istənilən müsəlman birliyinin başında özündən başqasını qəbul etmir. Belə sənədlərin imzalanması da yalnız İranın təhlükəsizliyinə, başqa müsəlman ölkələrinin isə təhlükəsinə aparan razılaşmalardır. Düşünmürəm ki, Məsud Pezeşkian İranın ideoloji sistemini dəyişə bilər. Onun yürütdüyü siyasət türk və müsəlman aləmində müsbət təpki ilə qarşılanır. Lakin onun qazandığı uğurlar son nəticədə İranın qatı və barışmaz sahiblərinin işinə xidmət edir. Bütün dünya İrandakı təhlükəli rejimin ya islah olmasını ya da dəyişməsini istəyir. Həm regionda həm dünyada açıq terror əməlləri həyata keçirən, qonşu, dost, müsəlman demədən hamını hədələyən, narkotik ixrac edən bir qurumun yerini bərkitməyə xidmət edən anlaşmaları alqışlamaq doğru olmazdı. Əgər İranda hər şey Prezidentin əlində olsa idi, dövlətin idarəetmə sistemində aparıcı rol onda olsaydı təbii ki, bu kimi anlaşmaları təqdir etmək olardı”.

 

 

Çimnaz Telmanqızı