İsrail hökuməti Qəzza zolağının tam işğalı planlarını təsdiqləməyə hazırlaşır

Bölmə: Dünya › ,
Tarix: 21:29 05.08.2025

"Ynet" portalına Netanyahunun komandasında təmsil olunan yüksək rütbəli rəsmilər məlumat verib.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, Qəzza zolağında Həmas döyüşçüləri savaşırlar:

 

"Sonuncu Həmas savaşçısı dünyasını dəyişmədikcə, yəqin ki bu savaş davam edəcək. Bu planlar əlbəttə müharibənin uzanması, daha çox insanların həyatını itirməsi deməkdir. Təəssüf ki, Netanyahu hökumətinin də mövcud qüvvəsi müharibənin üzərindədir. Müharibə dayananda, sanki onun hökuməti də dağılır. Ona görə də təəssüf ki, belə bir ritorika bu gün hakimdir. Beynəlxalq hüquq baxımından desək, əlbəttə ki, bu doğru yanaşma deyil. Əslində hər iki dövlət də həll istəyir. Bunun üçün İsrailin savaşı dayandırması şərtdir. Amma təəssüf ki, hələki İsrail savaşı dayandırmır. Çünki savaşın dayanması Netanyahu hökumətinin aradan qalxmasını şərtləndirir. Anlaşılan odur ki, beynəlxalq hüquq İsrailin bu planlarını doğru saymır. Amma təəssüf ki, Netanyahunun planları addım-addım işləyir. Təbii ki, bunun reallmaşması çox asan deyil, çünki orada 2 milyona qədər insan yaşayır. Sadəcə olaraq bu müharibənin davam edəcəyinin anonsu kimi qəbul edilməlidir. Hərbi baxımdan da Həmas müqavimət göstərir. Amma düşünürəm ki, bütövlükdə bu baş verənlər Dünya Birliyini də hərəkətə gətirir və yəqin ki, biz sentyabr ayında böyük dövlətlərin bu məsələ ilə bağlı sərt mövqeyini görəcəyik".

 

Fatimə Heydərova