Azərbaycanda “Mikromaliyyə Sənayesinin İnkişafına dair Ağ Sənəd” hazırlanır

Tarix: 18:33 07.08.2025
Azərbaycanda mikromaliyyə sənayesinin dayanıqlı və inklüziv inkişafını dəstəkləmək məqsədilə 2025-ci il üzrə “Mikromaliyyə Sənayesinin İnkişafına dair Ağ Sənəd”in hazırlanmasına başlanılıb.
"İnformator.az" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, bunu "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin mikromaliyyənin idarə edilməsi və inkişafı üzrə beynəlxalq eksperti Nazim Əliyev bildirib.
O, bu barədə iki qurumun əməkdaşları arasında keçirilmiş onlayn görüşdə danışıb. N.Əliyevin sözlərinə görə, bu strateji sənəd mikromaliyyə sektorunun mövcud vəziyyətini, əsas çağırışları və inkişaf istiqamətlərini əhatə etməklə, sahənin daha effektiv və inklüziv inkişafına töhfə verəcək.
Görüşdə iştirak edən "Azexport" portalının rəhbəri Ayxan Qədəşov qeyd edib ki, rəqəmsal texnologiyaların geniş tətbiqi bütün sahələrdə olduğu kimi mikromaliyyə sənayesində də yeni yanaşmaların tətbiqini zəruri edir: "Xüsusilə beynəlxalq elektron ticarət platformalarında "Amazon", "eBay", "Etsy" və s. satışa başlamaq istəyən gənclərin ilkin kapitala olan ehtiyacını qarşılamaq üçün mikromaliyyə institutları mühüm rol oynaya bilər. Bu baxımdan mikromaliyyə sektorunun innovativ məhsullar və güzəştli kredit mexanizmləri vasitəsilə startaplara dəstək göstərməsi vacibdir. Bu sahədə dövlət qurumlarından verilən sənədlər startapların gəlir potensialının təminatı kimi çıxış edə bilər".