Milli-mədəni dəyər beşiyi-Xalça Muzeyindən reportaj

Bölmə: Mədəniyyət › ,
Tarix: 17:13 11.04.2025

Xalça Azərbaycan xalqının milli sərvətidir. Hər zərrəsi tarix qoxan, mədəni dəyərləri özündə ehtiva edən xalçalarımız bizim keçmişimiz, bu günümüz və gələcəyimizdir. Azərbaycan Milli Xalça muzeyi də, bu tətbiqi sənət sahəsinin himayədarıdır desəm, yanılmaram. Ornamentlərin harmoniyasını canlı müşahidə edib, tarixə xalçaların gözündən baxmaq üçün muzeyə yollandım.

Qoruyub saxlamaq üsulu

Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 130 nömrəli sərəncamı ilə yaradılmışdır. 1967–1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993–2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014–2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanır.
Muzey özündə 7 kolleksiyanı birləşdirir: "Xovlu xalçalar", "Xovsuz xalçalar", "Xalça məmulatları", "Bədii metal", "Keramika, şüşə, ağac, kağız", "Parça, geyim, tikmə" və "Zərgərlik məmulatları". 

İlk təəssürat

Muzeyə daxil olmamışdan əvvəl xarici görünüşü diqqətimi çəkdi. Dizaynı çox qəribədir. Bükülmüş xalça formasında olan bina sanki modern üslubla Şərq üslubunun qovşağında tikilib. Üç mərtəbədən ibarət  muzeyin birinci mərtəbəsində xovsuz xalçalar, ikinci mərtəbəsində xovlu xalçalar, üçüncü mərtəbəsində isə müasir xalça nümunələri nümayiş olunur. Bundan başqa milli geyimlər, misgərlik nümunələri, tikmə sənəti, qədim saxsı qablar kimi dəyərli eksponatlar da muzeyin ekspozisiyasına daxildir. Muzeydə ümumilikdə 10 mindən çox eksponat qorunub saxlanılır.

Giriş bileti

İlk dəfədir gəldiyim üçün qiymətlərdən xəbərsiz idim. Sən demə, yerli vətəndaşlar üçün 7, əcnəbi vətəndaşlar üçün 10, məktəbli və tələbələr üçün isə 3 manat bilet qiyməti müəyyən edilib. Məni təəccübləndirən  məqamlardan biri də çəkiliş üçün qiymətlərin çox baha olması oldu. Muzeydə foto və video çəkiliş üçün qiymət (muzey rəhbərliyi ilə öncədən razılaşdırmaq şərti ilə) – 1 saat / 150 AZN. Bələdçi qeyd etdi ki, ayın sonuncu həftəsinin şənbə günü "Açıq qapı" aksiyası keçirilir. Bu günlərdə heç bir ödəniş tələb olunmur.

Birinci mərtəbə- Xalçaçılığın təkamül yolu

Girişdə, sol tərəfdə xalçaların kiçik ölçülü modelləri  diqqətimi cəlb etdi. Bələdçidən soruşduqda bu modellərin  görmə qabiliyyəti məhdud olan insanların
toxunmaqla xalça elementlərini hiss edə bilmələri üçün hazırlandığını bildirdi. Azərbaycan və ingilis dillərində Brayl əlifbası ilə məlumat lövhələrinin yerləşdirilməsi də təqdirəlayiqdir. Birinci mərtəbəni Azərbaycan xalça sənətinin keçdiyi inkişaf yolu təşkil edib. Monitorlar əyani şəkildə xovsuz xalçanın hər bir növünün hazırlanma texnologiyasını göstərir. Burada xalçaçıların yunun qırxılması, yuyulması və daranması, ipliyin əyrilməsi və rənglənməsində istifadə etdikləri alətlər də yerləşdirilib. Bu mərtəbədə satış mərkəzi də var. Müxtəlif növ əl işləri və suvenirlər satılır. Qeyd edim ki, muzeyin bütün mərtəbələrində nəzarətçi xanımlar var. Onlar eksponatlara heç kəsin toxunmamasına nəzarət edirlər.

İkinci  mərtəbə- Tarix və fəxarətin vəhdəti

Bu mərtəbədə xovlu xalça nümunələri ilə tanış oldum. Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz xalçalarını görmək sanki  tarixin tozlu səhifələrini vərəqləmək idi mənim üçün. Monitorlara göz gəzdirəndə şəbəkəli pəncərələrin və kəlağayının hazırlanma prosesinə rastladım. Əl işinin zərif toxunuşunu izləmək ruhumu dincəldirdi. Bu mərtəbədə üzərində “Qarabağ Azərbaycandır” yazısı həkk olunmuş “Zəfər”xalçasını görəndə fərəh hiss keçirməmək mümkün deyil. Xalçanın kompozisiyasında Qarabağın xalça xəritəsi və xalçanın ara sahəsində isə 4 ünsür var. “S” elementi suyu, buta alovu, Xarıbülbül havanı, bitki isə torpağı təmsil edir. Rəqs edən insan təsvirləri ənənəvi xalçalardan götürülüb. Xalçanın ana haşiyəsində qarşı-qarşıya dayanmış quş təsvirləri isə sevginin, məhəbbətin simvoludur. Burada əjdahanın simurq quşu ilə mübarizə səhnəsi də əks olunub.

Qarabağ evi 

İkinci mərtəbədə diqqətimi çəkən və mənə çox maraqlı gələn yerlərdən biri “Qarabağ evi” adlanan otaq idi. Divarlar və yer xalçalarla döşənib. Həqiqətən də əsl Qarabağ evlərini xatırladır. Burada istifadə olunan xalça “Qoca” xalçası adlanır. Xalçanın bu adla adlandırılması - “Xocavənd” kəndinin adı ilə bağlı olmuş lakin sonralar Qarabağın qocaman xalçaçıları tərəfindən “Qoca” adlandırılıb. Ensiz, uzun otaqda ocaq, taxça, şərbət qabı və şəbəkə üsulu ilə hazırlanmış pəncərə də var. Sol tərəfdə aşağıda isə yorğan-döşək yığmaq üçün yer ayrılıb. Otağın tavanı freskalarla bəzədilib. Həmçinin həmin freskalar xalçaların kompozisiyasında da təkrarlanır. 

Üçüncü mərtəbə- Peşəkarların miras qoyduğu irs

 Azərbaycan xalça sənətinin XX – XXI əsrin əvvəllərində keçdiyi inkişaf yolu bu mərtəbədə öz əksini tapıb. Burada “Azərxalça” müəssisəsinin fəaliyyəti, onun xalça sənətinin inkişafındakı xidmətləri ilə tanış oldum. Azərbaycan xalça sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında informasiya da bu mərtəbədə təqdim olunub. Həmçinin 3-cü mərtəbədə  XX əsr – XXI əsrin əvvəllərində yaşayıb-yaratmış peşəkar rəssamların fəaliyyətinə də  rast gəlmək olur. Onlar arasında ilk növbədə xalça elminin banisi, Xalq rəssamı, Dövlət mükafatı laureatı, görkəmli xalçaçı-rəssam Lətif Kərimovun yaradıcılıq və elmi fəalliyyəti məni cəlb etdiı. Burada xalça sənətinin inkişafında müstəsna xidmətləri olmuş Xalq rəssamı Kamil Əliyevin fəaliyyəti və həyatı geniş işıqlandırılır. A.Rəcəbov, E. Mikayılzadə, L.Qarayeva, M.Hüseynov, Ç.Babayev və başqa müəlliflərin əsərləri ilə də tanış oldum. Tahir Salahovun rəsmləri əsasında toxunmuş xalçalar  bu mərtəbəyə  ayrı gözəllik qatır. 

Beləliklə, bu möhtəşəm muzeyin hər qarışını gəzdim. Amma doymadım. Düşünürəm ki, siz də milli-mədəni dəyərləri ehtiva edən incəsənət nümunələrini və bu nümunələri yaşadan Milli Xalça Muzeyini mənim qədər tanıdınız.


Nəcəfov Murad