Milli oyanışın hərəkətverici qüvvəsi-Hacıbəyli irsi

Tarix: 08:50 23.04.2025
Tarixə açılan pəncərənin “milli oyanış” işartısı olan dahi Üzeyir Hacıbəyli yaradıcılıq fəzasının dolğunluğu, publisistikasının ictimai-siyasi xarakteri ilə danılmaz bir irs qoyub. Üzeyir dühasının məhsulu olan müxtəlif motivli yazılarda eyni bir siyasi-ideoloji istiqamət, düşüncə tərzi və kulturoloji məqsəd dayanır.
Azərbaycançılıq məfkurəsini, istiqlal ideyasını yaradıcılığının qayəsinə çevirən Üzeyir bəy milli şüurun inkişafı üçün əlindən gələni əsirgəməyib. Daha çox musiqi fəaliyyəti qabardılan publisistin yazıları günümüzə ayna tutur. Çağdaş paralelliklər arasında olan incə duyum tərzi və erudisiya Hacıbəyli personasını bizə daha da yaxınlaşdırır. Dostoyevskinin bir fikri var: “Divarı yıxmağa gücüm çatmırsa, özümü öldürməyəcəm əlbəttə, amma önümdə divar deyə boyun əyməyi də qəbul edə bilmərəm.” Düşünürəm ki, bu fikri onunla bütünləşdirməmək üçün heç bir səbəb yoxdur.
10 aprel 1906-cı ildə “İrşad” qəzetində Ü.Hacıbəylinin uzun illər boyu Qarabağda pristavlıq edib zülm və ədalətsizlikdə ad çıxarmış Şəfi bəy Fətəlibəyova ünvanladığı açıq məktubu nəşr edilmişdir. Üzərindən 100 ildən də artıq vaxt keçməsinə baxmayaraq, bu açıq məktubu indi də həyəcansız oxumaq mümkün deyil:
“Ey su yerinə müsəlman qanı ilə dəstəmaz alıb razu-niyaz edən abid! Ey arvad-uşaqların göz yaşı ilə ‘pak olub’ ibadətlə məşğul olan zahid, behiştin əla dərəcəsində yeriniz var… Bu 25 ilin ərzində… hökumətə çox böyük qulluqlar edibsiniz. Sizin qırmancınız altında ölmüş müsəlmanların, odunuz ilə yanmış evlərin, hökmünüz ilə darmadağın edilmiş mal və mülklərin, ‘həyanız’ ilə bihəya olunmuş arvadların, vəhşi nərəniz ilə bağrı yarılmış uşaqların sayını götürüb mülahizə etsək, neçə-neçə qəbiristanlıqların ‘təmiri’ (yaradılması) sizin hünərinizə bağlı imiş! Şöhrətiniz Qarabağda adınızı yaşadacaqdır. Sizə bir yadigar nişangah qoymaq Qarabağa vacibdir.”
Adicə bu yazı onun xalqına olan sevgisinin bariz nümunəsidir.
“Molla Nəsrəddin” ənənələrinə sadiq qalan Üzeyir bəy jurnalın ara-sıra bağlanmasına qəti şəkildə etiraz edirdi. Bunu jurnala qarşı böyük bir haqsızlıq kimi səciyyələndirən Ü.Hacıbəyli yazırdı:
“Dövlət Dumasını bağladılar… “Molla Nəsrəddin” jurnalını da bağladılar… Dövlət Dumasını bağlayan hökumət oldu… “Molla Nəsrəddin”i də bağlayan hökumət oldu… Ancaq təfavüt burasındadır ki, Dövlət Dumasını bağladılar padşah əmri ilə, amma “Molla Nəsrəddin” jurnalını – donos ilə…”
1910-cu ildə “Molla Nəsrəddin” jurnalının müvəqqəti bağlanması Üzeyir Hacıbəylini dərin kədər girdabında boğmuşdu. O, digər tərəqqipərvər ziyalılarla birgə, haqsız hücumların qarşısını almaq üçün öz etiraz səsini ucaltmışdır. Üzeyir bəy jurnalın səhifələrində yayımladığı yazılar vasitəsilə xalqa müraciət edir, onları ədalət və haqq uğrunda mübarizəyə səsləyir, ruhlandırırdı.
“Molla Nəsrəddin”i öldürmək mümkün olsa da, mollanəsrəddinçiliyi öldürmək olmaz!”
Həyatı boyu demokratik cəmiyyət ideyalarını təbliğ edən, xalqı milli kimlik ruhunda hərəkətə gətirməyə cəhd edən publisist, tutduğu məsləkə heç vaxt xəyanət etməmişdir. Hakimiyyətdə traybalizm sütunlarının dağıdılmasını bəzən sətiraltı, bəzən açıq şəkildə qeyd edirdi. Məslək anlayışına da tərif verərək, yaman məsləkli və məsləksiz insan arasında fərqi belə izah edirdi:
“Yaman məsləkli insana bir əncam çəkmək mümkündür, lakin məsləksiz insan yaman məsləklidən daha betərdir. Çünki ona çarə yoxdur. Məsləksizlik insana yapışan əbədi xəstəlik kimi canını yavaş-yavaş yeyib bitirə bilər.”
“Azərbaycan” qəzetindəki fəaliyyəti də yaradıcılığının zirvəsi hesab oluna bilər. Üzeyir bəy bu qəzetdə məqalə və felyetonlarını “Hacıbəyli Üzeyir”, “Üzeyir”, “Ü.Hacıbəyli”, “Ü”, “Ü.H.”, “ÇT”, “Ü.Əbdül” imzaları ilə dərc etdirərək demokratik ideyaları təbliğ etmiş, Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə çalışmış, azadlıq ideyalarını yaymaqla qəzetin ideya istiqamətinin müəyyənləşməsində böyük rol oynamışdır.
Onun “Mühüm məsələlər” (1 dekabr 1918), “Partiyalarımıza” (3 dekabr 1918), “Azərbaycan Parlamenti” (5 dekabr 1918), “Tarixi günümüz” (7 dekabr 1918), “Andronikin məsələsi” (15 dekabr 1918) və digər yazıları yeni qurulmuş Azərbaycan dövlətinin qarşısında duran əsas problemlərin həllinə həsr edilmişdir.
Bu yazılarda biz onu vətənpərvər, istiqlal aşiqi, Azərbaycançılıq ideologiyası ilə yoğrulmuş bir publisist kimi görürük. İllərlə arzuladığı bir amala çatan ədibin 1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamentinin açılışı münasibətilə yazdığı “Təəssürat” silsilə məqalələrini oxuyan hər kəs bunun şahidi ola bilər:
“Parlamentimiz açıldı, gördük. Fətəli xan doğru dedi ki, yatsaydıq da yuxumuza girməzdi… Padşahlı məmləkətlərdə məclisi-məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vətən övladı açdı.”
Bu ifadələrlə xalqın içində özünəinam fidanları əkən Üzeyir bəy, Rəsulzadə talismanının portretini yaradır.
Sapı özümüzdən olan baltalar və içimizdəki düşmənlərə qarşı daim kəskin mövqedə olan publisist, “Dördgöz olmalıyıq” (25 aprel 1919) məqaləsində yazır:
“İçimizdə olan düşmənlərin təhlükəsi xaricdə görünən düşmənlərinkindən daha zərərlidir…”
Dil məsələsinə də sərt münasibət göstərən Üzeyir bəy yazırdı:
“Bir millətin dili batdısa, özü də batar, çünki millətin varlığına, isbatı-vücud etməsinə səbəb onun dilidir.”
Beləliklə, yaradıcılığını xalqına, millətinə həsr etdiyi demokratik cəmiyyət konsepsiyasına əsaslanan yaradıcı dahinin salnaməsi uzun illər yaşayacaq “Azərbaycançılıq ideologiyası”nın təməl lokomotivi olaraq gələcək nəsillərin milli şüur bazası olacaq!
Murad Nəcəfov