15 Aprel -Zərifə Əliyevanın anım günü

Bölmə: Mədəniyyət › ,
Tarix: 13:01 15.04.2025

 

 

15 Aprel – Zərifə xanım Əliyevanın əziz xatirəsinin anıldığı gündür.
Bu tarix təkcə bir alimin yox, həm də bir ziyalının, bir ana və vəfalı həyat yoldaşının nurlu ömrünün son səhifəsidir. Akademik Zərifə Əliyeva 1985-ci ilin bu günündə-aprelin 15-də Moskvada dünyasını dəyişdi. Amma onun işıqlı xatirəsi, elmə və insanlığa xidmətlə dolu ömrü bu gündə də minlərlə insanın yaddaşında yaşayır.

 


Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açdı. Uşaqlıqdan elmin işığına yönəldi, ömrünü göz xəstəliklərinin müalicəsinə, insanların nurunu qorumağa həsr etdi. Oftalmologiya sahəsində göstərdiyi xidmətlər onu təkcə Azərbaycanda deyil, keçmiş SSRİ miqyasında tanınan alimlər sırasında qərarlaşdırdı.

Onun elmi araşdırmaları görmə orqanlarının peşə patologiyasını dərindən araşdırdı, yeni bir istiqamətin əsasını qoydu. Zərifə Əliyeva təkcə elm üçün yox, həm də insanlıq üçün çalışan, ürəyi sevgi və mərhəmətlə döyünən bir qadın idi.


1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax mükafatına layiq görülməsi, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi onun elmi fəaliyyətinin nə qədər dəyərli olduğunun sübutudur. Onlarla elmi əsərin, dərslik və monoqrafiyanın müəllifi olan Zərifə xanım, eyni zamanda Heydər Əliyev kimi bir liderin həyat yoldaşı, Prezident İlham Əliyevin isə əziz anası idi.

Bu gün Fəxri Xiyabanda uyuyan Zərifə Əliyevanın ruhu, xalqının ona göstərdiyi sevgi və ehtiramla yaşayır. Onun adı hər il 15 apreldə hörmət və ehtiramla anılır, elmi irsi isə gələcək nəsillərə nur saçmağa davam edir.

 


Nigar Həsənzadə