Azadlığın Səssiz Harayı: ‘Paris Notr-Dama İthaf’ Tamaşasına Düşüncəli Baxış

Bölmə: Mədəniyyət › ,
Tarix: 21:44 15.04.2025

Teatr insan ruhunun səhnəyə köçmüş tribunasıdır. Bu tribuna isə peşəkar aktyor oyunu ilə vücuda gələn tamaşalarda təcəssüm olunur. Elə bu fikrin bariz sübutunu Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunan “Paris Notr-Dama ithaf” tamaşasında görmək mümkündür.

“Paris Notr-Dama ithaf” tamaşası böyük fransız yazıçısı Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Samir Qulamovdur. İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir. Teatr bu səhnə əsərini bəşəriyyətin ən nadir tarixi memarlıq incilərindən biri olan və Avropanın əzəmətli simvollarından hesab edilən Paris Notr-Dam kilsəsində 2019-cu ilin 15 aprel tarixində baş vermiş yanğın hadisəsinə ithaf edib.
Tamaşada böyük, platonik sevgidən bəhs olunur və ali insan nümunəsi ön plana çəkilir. Əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeyster isə Əməkdar artist Vaqif Məstanovdur.
Tamaşanın təhlili:
Azadfikirliliyin ilk cücərtiləri görünməyə başlayarkən, Paris Notr-Dam kilsəsi dövrün simvoluna çevrilir. Təsadüfi deyil ki, əsas hadisələrin hamısı məhz kilsədə və onun qarşısındakı meydanda baş verir. Burada Klod Frollonun lənətlər yağdırdığı, kütlənin isə alqışladığı qaraçı qızı Esmeralda oynayıb-oxuyur. Meydanın küncündəki miskin hücrədə dustaq qadın əzab çəkir, insanların etinasızlığından əziyyət çəkən şair Pyer Qrenquar dolaşır. Onun nə yeməyə çörəyi, nə də qalmağa yeri var. Burada qaraçı dəstəsi, əyrilər, təlxəklər, oyunbazlar, avaralar, dilənçilər və şikəstlərin qaynaşdığı qəribə nümayiş baş verir. Nəhayət, burada “təlxəklər kralı” Kvazimodonun gülünc tacqoyma mərasimi keçirilir. Düşünürəm ki, təlxək obrazı vasitəsilə rejissor dövrün hakimiyyətini tənqid edir. Onun Kvazimodoya dediyi “Sənin hakimiyyətdən fərqin yoxdur, çünki ikiniz də karsınız, bizi eşitmirsiniz” fikrini dərin düşüncə süzgəcindən keçirsək, görərik ki, hakimiyyətin “karlığı” mənəvi yoxsulluqdan doğur. Hakimiyyət xalqı talamaqdan başqa bir şey düşünmür. Azad fikir konsepsiyasının üstündən xətt çəkib, düşüncənin iradi imkanlarından istifadə edənlərin qarşısında baryerə çevrilir. Kvazimodonun karlığı isə fiziki məhdudiyyətdən irəli gəlir. Rejissor burada eybəcərliyi iki formada – mənəvi və fiziki eybəcərlik kimi təqdim edir.
Fikrimcə, tamaşanın kulminasiya nöqtəsi Esmeraldanın öz kuzəsindən Kvazimodoya su verdiyi səhnədir. Əvvəldən sona qədər şairanə sentimentallıq beş pudluq şəkər tozuna dönüb sanki tamaşanın üzərinə səpələnir. Duyğuların qarışımı onların semantik çənbərində hərlənən mənalarla absurd dramaturgiyanın poetikasını qoşanağara çubuqları kimi döyəcləyir.
Rejissor musiqi obrazlarının tamaşada vizuallaşmasına, tamaşa fakturasının da musiqiyə çevrilməsinə çalışır. İki bədii materiya – musiqi və səhnə dili arasında ideal kəsişmə nöqtələri axtarır. Hətta bəzən o qədər qəfil gedişlər edir ki, teatr əhli təəccübünü gizlədə bilmir. Bunu onların mimikasında aydın görmək olur.
Bu oyunun xarakterik keyfiyyətini artıran əsas məqamlardan biri mükəmməl musiqi həllidir. İstər keçidlər, istərsə də final musiqiləri həm ümumi vəziyyətin tempinə xidmət edir, həm də qulağa xoş gəlir. Beləcə, tamaşaçı oyundan və dramaturji materialdan yayınmadan, eyni zamanda hadisələrin musiqili təsvir mexanizmlərinin işlək olduğu mənzərə ilə qarşılaşır. Musiqi sanki bizi həmin dövrə aparır, hadisələrin real iştirakçısına çevirir. Vahiməli, əzəmətli, bəzən də qüssənin simvoluna çevrilən musiqi insanın sinirlərindən asılmış və boğulmuş ümidləri səsləndirirdi.Quruluşçu rəssamın işi də tamaşanın ilkin təsir gücünü artırmağa, dağılmış, özündən qopmuş cəmiyyətin və onun fərdlərinin həyat və ruh halını göstərməyə xidmət edirdi. Xüsusilə, zamanın ağır yükü qarşısında geri qalan, xurafatın buxovunda çürüyən mənəvi məhkumları ifadə edə bilirdi.
Obrazların təhlili:
Pyer Qrenquar – Azadlıq üçün bir ipucu tapıb cəhalət labirintindən çıxmaq istəyən bu obraz elmi, zəkanı yeganə çıxış yolu hesab edir. Lakin mühiti dəyişə bilmir. Mühit özü dəli olmağı seçib, ya da başqa yolu yoxdur. Bəlkə də ağıllılar özlərini dəli kimi təqdim edirlər. Qrenquarın düşüncələri sanki ləpələrin köpükləri kimidir – çox, xırda və müdafiəsiz. Üfürsən, dərhal partlayır və yox olur. Onun ideallara sadiq qalması, öz xarakterindən dönməməsi diqqətəlayiqdir.
Bu obrazı aktyor Emin Zeynallı canlandırırdı. Əgər bu rolu o canlandırmasaydı və öz emosional səmimiliyi, davranış dinamizmi ilə duyğusal epizodları primitivlikdən çıxarmasaydı, görəsən, tamaşanın aqibəti necə olardı? Düşünürəm ki, onun hisslərini açıq şəkildə tamaşaçı ilə bölüşməsi, səs tembri və sözlərin tələffüzünə verdiyi diqqət bu obrazı daha təsirli edib. Jest və mimikaların harmoniyası ilə sözün vəhdətindəki ekvivalentliyi tuta bilmişdi.
Esmeralda – Taleyi məşəqqət dolu bir qız obrazı. Onu “İztirab ikonasına” çevrilmiş şəxs kimi dəyərləndirmək olar. Esmeralda rejimə qarşı müxalif mövqedə olan, cismani məğlubiyyətə rəğmən mənəvi qələbə qazanan bir obrazdır. Bu rolu Mehriban Zaliyeva böyük ustalıqla ifa etdi. Geyimi ilə 19-cu əsr Fransasının qotik atmosferini özündə əks etdirən aktrisanın oyun plastikasından səs tembrinə qədər hər bir detal tamaşaçı tərəfindən hiss olunurdu. O, adeta “obraz necə canlandırılmalıdır?” sualına cavab idi.
Klod Frollo – İlk baxışdan alim və zahid təsiri bağışlayır. Lakin onun içindəki mənəvi düşkünlük, xüsusilə dövrün ab-havası üçün xarakterikdir. Tanrıya tay olmaq iddiası ilə çıxış edən bu obraz əslində çox acizdir və bunun fərqində belə deyil. Onu aktyor Nadir Xasıyev canlandırırdı. Demək olar ki, bu rolu yaşamışdı. Aktyorluq sənətinin zirvəsinə yüksələn bir performans nümayiş etdirdi.
Kvazimodo – Bütün fiziki eybəcərlikləri özündə birləşdirən bir obrazdır. Lakin onun fiziki çatışmazlıqlarına baxmayaraq, mənəvi tərəfi yavaş-yavaş oyanır. Bu rolu Nicat Əli canlandırmışdı. Onun hər bir hərəkəti, nitqi, jestləri, duruşu obrazın səciyyəvi xüsusiyyətlərini əks etdirirdi. Gənc olmasına baxmayaraq, sanki illərin təcrübəsini səhnəyə gətirmişdi. Tamaşaçı gözündəki yaşlar, səssiz heyranlıq onun uğurunun göstəricisi idi.
Bu tamaşanı Azərbaycan teatr mühitində mövcud “buzlaqları” sındırmaq, onları mədəniyyət aləmində hərəkətə gətirmək və yeni teatr qavrayışı formalaşdırmaq cəhdi kimi dəyərləndirirəm. Finalı haqqında isə danışmaq istəmirəm. Teatra gedib izləmək və o hissləri şəxsən yaşamaq lazımdır. Bunu tamaşaçının individual hissiyatına buraxıram.

Murad Nəcəfov