Mozaika sənəti-ŞƏRH

Tarix: 17:59 16.04.2025
Min illərdir ki, mozaika sənəti insanın yaradıcılıq gücünü və estetik duyumunu ifadə etməsinin özünəməxsus yoludur. Rəngarəng daş parçalarının bir araya gələrək bütöv bir mənzərə yaratması, həm incə zövq, həm də böyük zəhmət tələb edir. Bu sənət həm tarixi abidələrdə, həm də müasir interyerlərdə özünə yer tapır.
Mövzu ilə bağlı Şəhərsalma memarı Cahid Həsənov "İnformator.az"a açıqlamasında bildirib ki, şəhərsalma və memarlıqda şəhərə yeni abu-hava gətirən, şəhərin estetik tərtibatını formalaşdıran bir stil yarandı. Əvvəl bu stillər müəyyən şəbəkələr, ornamentlər idi:
"Bunlar hər ərazinin özünə uyğun daşlardan, yerli materiallardan istifadə etməklə alınırdı. Mozaikanın intibah dövrü 70-ci illərdən başladı. Ümumilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra onun verdiyi tapşırıqlar əsasında şəhər ərazisində olan binalarda iri həcmli mozaikalardan istifadə olundu. Bu sənətdə əvvəlcə eskiz layihəsi çəkilir, daha sonra eskiz divara köçürülür. Orta hesabla bir mozaika sənəti üzərində işləmək təbii ki, çox vaxt aparır. Kiçik həcmlidirsə təxminən 1 həftəyə, böyük həcmlidirsə 1 aya başa gəlir. Yeni dövr üçün bu sahə daha geniş vüsət almalıdır. Azərbaycan Dövlət Reklam Agentliyi qaydalar tərtib etməlidir. Binaların yan fasadlarında mobil telefonların, kababxanaların, kafe, restoranların reklamları yox sosial reklamlar olmalıdır və bu da mozika üslubunda olmalıdır. Onda bu sahə daha da inkişaf edər, bu isə 15 min ailənin dolanışığı deməkdir. Bu gün binalar banner çaplı reklamlarla örtülüb, bu birmənalı şəkildə qadağan olunmalıdır. Bunun çıxış yolu isə qaydalar tətbiq edilməsi, sexlərin genişlənməsi, rəssam və ustaların çoxalması və şəhərin Memarlıq Ansamblında əsl memarlıq forması yenidən dirçəlməsidir".
Fatimə Heydərova