Erkən Təhsilin Gücü: Uşaqlığın Ən Həssas Dövründə Doğru Yanaşma

Tarix: 16:45 21.04.2025
Məktəbəqədər tədris uşaqların erkən yaş dövründə əldə etdiyi ilkin bilik və bacarıqların formalaşmasında mühüm rol oynayır. Bu mərhələ insan həyatının ən həssas və inkişaf baxımından ən sürətli dövrünü əhatə edir. Uşaqların sosial, emosional, intellektual və fiziki inkişafının təməli məhz məktəbəqədər yaş dövründə qoyulur. Bu səbəbdən də məktəbəqədər təhsil sistemi yalnız uşaqlara baxım və qoruma xidməti deyil, eyni zamanda onların gələcək təhsil həyatına hazırlıq funksiyasını da yerinə yetirir.
Bu barədə “informator.az”a danışan pedaqoq, "Valideyn Məktəbi" layihəsinin rəhbəri Aysel Rəsulzadə deyib ki, tədris yanaşmasının psixoloji təsiri çox önəmlidir:
“Məktəbəqədər hazırlıq dövrü uşağın şəxsiyyətinin, emosional reaksiyalarının, sosial bacarıqlarının və özünə inamının təməlinin qoyulduğu mərhələdir. Bu mənada bu mərhələ beynin inkişafı və xarakterin formalaşması baxımından kritikdir. Məktəbəqədər hazırlıq sadəcə öyrətmək deyil, həm də uşağın hisslərini anlamaq və yönləndirməkdir ki, bu mənada uşağa qarşı müsbət yanaşma, onun özünü dəyərli hiss etməsini təmin etmək bu mərhələdə çox önəmlidir. Əks halda yanaşma, yəni təzyiqlə və müqayisə ilə yanaşmaq, gələcəkdə özünə inam probleminə səbəb ola bilər. Bu yaş dövründə tədrisdə oyunun rolu çox vacib hesab olunur. Oyunla öyrənmək həm əyləncəlidir, həm də uşağın emosional dünyasını inkişaf etdirir. Oyun uşağın psixoloji vəziyyətinin barometridir, deyərdim, çünki maraqlı oyunlar onların daxili dünyasını açır".
Pedaqoq sözlərində bildirib ki, məktəbəqədər yaşlı uşaqların psixologiyasının formalaşmasında ailənin və müəllimin münasibəti də önəmlidir:
“Bu mərhələdə uşağın dünyanı necə qəbul etdiyi formalaşır; sevgi və qəbul görən uşaq özünü güvəndə hiss edir. Bu da gələcəkdə sağlam sosial əlaqələrin əsasını qoyur. Uşağın duyğularını tanıması, ifadə etməsi və başqalarının hisslərini anlaması üçün yönləndirmə də bu dövrdə çox vacibdir; bu mərhələdə uşağa verilən dəstək onun psixoloji dayanıqlığını artırır. Təəssüf ki, bəzi hallarda müəllim və ya valideyn tərəfindən yönəldilən sərt davranışlar uşağın yaddaşında travmatik izlər buraxa bilər ki, həm valideynlər, həm də müəllimlər bu mənada ehtiyatlı davranmalıdırlar".
Kamil İsgəndərli