Dermatomiozit xəstəliyi nədir?

Tarix: 21:31 02.05.2025
“Dermatomiozit nadir rast gəlinən, autoimmun mənşəli, iltihabi xəstəlikdir. Əsasən əzələlərə və dəriyə təsir göstərir və bəzən daxili orqanlarda yayılmalar baş verə bilir. Bu xəstəlik adətən orqanizmin öz əzələ və dəri hüceyrələrini yad cisim kimi qəbul edir və onlara qarşı immun reaksiya törədir”.
Bu sözləri dermatoveneroloq Tünzalə Əzizli “İnformator.az”a açıqlamasında deyib.
Müsahib qeyd edib ki, xəstəliyin əsas əlamətlərindən biri birbaşa olaraq əzələ zəifliyidir:
“Boyunda, çiyində, böyük sağrı əzələlərində müşahidə olunur. Dəridə baş verən dəyişikliklər isə göz qapaqlarının üzərində bənövşəyi-çəhrayı çalarlarda, əl barmaqları üzərində müşahidə olunan səpkilər, dekolte simptomu kimi simptomların müşahidə olunmasıdır”.
Müsahibin sözlərinə görə, bu xəstələrdə ümumi zəiflik olur:
“Tez yorulma, çəki itirmə, iştahasızlıq müşahidə oluna bilər. Bəzən daxili orqanlardan ağciyər, ürək, mədə-bağırsaq sisteminə təsir göstərir. Qan analizləri, əzələ fermentləri yoxlanmaqla, elektromioqrafiya aparılmaqla, MRT, biopsi aparılmaqla diaqnoz qoyulur.
Müalicəsi immunsupressiv preparatlarla həkim vasitəsilə aparılmalıdır. Ən ağır hallarda fizioterapiya üsullarına da müraciət edilir”.
Nərmin Həşimova