Azərbaycan və Çin arasında enerji sahəsində mühüm sənədlər imzalanıb

Bölmə: Sosial › ,
Tarix: 17:25 23.04.2025

Aprelin 22-də Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycan və Çin arasında enerji sahəsində mühüm sənədlər imzalanıb. Razılaşmalar günəş və külək enerjisi layihələrini, həmçinin batareya enerji saxlama sistemlərinin qurulmasını əhatə edir.

 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir:

 

“Son 10 ildə Azərbaycan və Çin arasında iqtisadi münasibətlər artan templə inkişaf edir. Bu, həm ticarət dövriyyəsində, həm də qarşılıqlı investisiyalarda özünü göstərir. Çin dünyanın ikinci ən böyük iqtisadiyyatı və bir nömrəli ixracatçısıdır. Azərbaycanla ticarət tərəfdaşlığında isə Çin ilk üçlükdə yer alır. Biz Çindən daha çox məhsul idxal edirik, nəinki Çinə məhsul ixrac edirik", – deyə iqtisadçı vurğulayıb.

 

Ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin Çin səfərindən sonra iki əsas istiqamət üzrə ciddi irəliləyişlər gözlənilir:

 

“Birinci istiqamət Azərbaycan məhsullarının Çin bazarına çıxış imkanlarının genişləndirilməsidir. Hazırda bu sahədə rəqəmlər çox aşağıdır. İkinci məsələ isə nəqliyyat dəhlizləridir. Azərbaycan Orta Dəhlizin ən vacib zəncir halqalarından biridir və ölkəmiz bu coğrafi üstünlüyünü iqtisadi dividendlərə çevirə bilər. Çin Avropaya ən çox məhsul ixrac edən ölkədir. Malların Azərbaycan üzərindən tranziti ölkəmiz üçün mühüm gəlir mənbəyi ola bilər".

 

Natiq Cəfərli əlavə edib ki, Çin şirkətləri son illərdə dünyada ən böyük xarici investisiyalar yatıran şirkətlər sırasındadır:

 

“Azərbaycanın iqtisadi potensialı və coğrafi mövqeyi nəzərə alınaraq, Çin şirkətlərini ölkəmizə daha çox investisiya yatırmağa cəlb etmək mümkündür. Lakin bu yanaşmanın yanında əsas məqsədlərdən biri də Azərbaycan məhsullarının Çin bazarında daha çox yer alması olmalıdır".

 

Səyyarə Mirzəyeva