ABŞ Ukraynaya 50 milyon dollarlıq silah satmağı planlaşdırır

Tarix: 23:18 01.05.2025
ABŞ Ukrayna ilə təbii sərvətlər haqqında müqavilə imzaladıqdan sonra Kiyevə 50 milyon dollarlıq silah satmağı planlaşdırır.
Mənbələrin məlumatına görə, təchizat birbaşa satış yolu ilə həyata keçiriləcək. Bildirilib ki, əvvəlki yardımlardan fərqli olaraq, yeni təchizatlar kommersiya əsasında həyata keçiriləcək.
Qeyd edək ki, ABŞ və Ukrayna mayın 1-nə keçən gecə təbii sərvətlər haqqında müqavilə imzalayıblar. Onun tam mətni hələ dərc edilməyib. KİV-in məlumatına görə, sənəd Ukrayna üçün birbaşa təhlükəsizlik zəmanətləri nəzərdə tutmur.
Bu məsələ ilə bağlı Emin Həsənli "İnformator.az"a açıqlamasında bildirib ki, Ukrayna rəhbərliyi ərazi bütövlüyünün tam şəkildə bərpasını tələb edir:
“Müharibənin uzun müddət davam edəcəyi görünür. Silah istehsal edən dövlətlər dünyada münaqişələrin bitməsində maraqlı deyillər. Bu, təkcə silah satışı ilə bağlı deyil, həm də müxtəlif siyasi və iqtisadi maraqlardan irəli gəlir.
Əgər müharibə olmasaydı, Ukrayna təbii sərvətlərini Amerikaya müəyyən güzəştli şərtlərlə satmağa razı olmazdı. Hazırda ərazisinin böyük bir hissəsi işğal edilib, əhalisinin 10 milyondan çoxu Avropaya məcburi şəkildə köç edib, şəhərləri dağıdılıb, milyonlarla insan yaralanıb və həlak olub.
Bütün bunlar həm iqtisadi, həm də mənəvi-psixoloji baxımdan böyük zərbədir. Rusiya ABŞ-dən sonra ən böyük güc hesab edilirdi və Ukraynanı qısa müddətdə işğal edəcəyi gözlənilirdi. Lakin həm hərbi, həm də iqtisadi baxımdan öz əzəmətini və gücünü itirib.
Avropa və ABŞ Ukraynaya milyardlarla dollarlıq yardım paketləri vəd etmişdi. Avropa öz vədlərinə sadiq olduğunu bəyan etsə də, Amerika silahları ödənişli şəkildə təqdim edir.
Bayden hökuməti ABŞ-nin yüz milyardlarla dollar ayıracağını və Ukraynanın müdafiəsini üzərinə götürəcəyini bildirib. Təəssüf ki, bu vədlər vaxtında yerinə yetirilmədi. Bayden hökuməti yardımı altı ay gecikdirdi.
ABŞ istəyir ki, bu yükün əsas hissəsini Avropa daşısın. Lakin Avropanın belə böyük xərcləri qarşılayacaq gücü yoxdur. Rusiya isə istəkləri tükənmədiyi üçün müharibənin sona çatmasında maraqlı deyil. Ən azı Krımı və Ukraynanın müəyyən ərazilərini özündə saxlamaq, bu bölgələrdə hakimiyyət dəyişikliyinə nail olmaq istəyir.
Ukrayna rəhbərliyi isə ərazi bütövlüyünün tam şəkildə bərpasını tələb edir. Ən yaxşı halda atəşkəs razılaşması əldə olunacaq və münaqişə uzun müddətlik “dondurulmuş müharibə”yə çevriləcək.
Bu isə Ukraynaya çox baha başa gəldi. Eyni zamanda, Rusiya da iqtisadi, mənəvi və hərbi baxımdan ciddi zərərlər gördü. Odur ki, dövlətlər hərtərəfli təhlil aparmalı və yalnız öz güclərinə arxalanaraq addım atmalıdırlar".
Xədicə Məhərrəmli