ABŞ-dən İrana xəbərdarlıq

Tarix: 21:24 01.05.2025
ABŞ müdafiə naziri Pit Heqset “X” sosial şəbəkəsində bildirib ki, İranın husilərə verdiyi dəstək diqqətlə izlənilir və bu, nəticəsiz qalmayacaq. O, Vaşinqtonun cavabını “seçilmiş zaman və məkanda” verəcəyini vurğulayıb.
Mövzu ilə bağlı deputat, politoloq Elman Nəsirov “İnformator.az”a açıqlamasında bildirib ki, bu məsələdə konkret bir təzyiq elementi özünü göstərir:
“Heç kəsə sirr deyil ki, Trampın 2017–2021-ci illərdəki birinci prezidentlik dövründə İrana qarşı sərt sanksiyalar rejimi tətbiq edilib. Hətta Tramp 2015-ci ildə 5+1 formatında aparılan danışıqlar çərçivəsində İranla bağlanmış nüvə sazişindən də Birləşmiş Ştatları çıxarıb. Hazırda yenidən hakimiyyətə gəldikdən sonra ilk 100 gününə yaxınlaşdıqca, İrana qarşı hərbi ritorikasını daha da kəskinləşdirir. Hətta qeyd edir ki, İrana qarşı misli görünməmiş zərbələr endirilə bilər.
Paralel olaraq, İranla danışıqlar da aparılır. İran bu danışıqlarda vasitəçilər hesabına iştirak edir. Yəni bir tərəfdən İranın nüvə proqramı ilə bağlı müsbət proseslər gedir, digər tərəfdən isə çox kəskin ittihamlar səslənir. Belə ittihamlardan birini də bu günlərdə ABŞ müdafiə naziri Pit Heqset “X” sosial şəbəkəsində irəli sürüb. O, İranı husilərə dəstək verməkdə ittiham edir. Bildirir ki, bu dəstək nəticəsində husilər regiondakı ABŞ maraqlarına ciddi zərbələr endirirlər. Bu halda Vaşinqtonun cavabı seçilmiş zaman və məkanda olacaq.
Yəni artıq konkret təzyiq elementi mövcuddur. Belə vəziyyətdə sual yaranır: görəsən, ABŞ müdafiə naziri sadəcə hərbi ritorikadan istifadə edir, yoxsa bunun arxasında konkret əməl dayanır? MAQATE-nin (MAGT) İranla bağlı son bəyanatları da bir həyəcan siqnalı kimi qiymətləndirilə bilər. Onların fikrincə və ABŞ-in də təkrarladığı kimi, İran bəlkə də 2–3 həftə ərzində nüvə silahına sahib ola bilər. Bu isə o deməkdir ki, İrana qarşı güc tətbiqi sürətlənə, daha tez baş verə bilər".
Müsahibimizin sözlərinə görə, başqa bir həqiqət də var ki, 2006-cı ildə, yəni 19 il əvvəl də İrana qarşı eyni ittihamlar səslənib. O zaman da deyilirdi ki, İran nüvə silahı hazırlamasının ərəfəsindədir. Amma 19 il keçib və hələ də İran nüvə silahına sahib deyil:
"Əgər bu dəfəki iddia doğrudursa və İran nüvə silahına malik olmağa yaxınlaşırsa, bu halda müharibə ssenarisi qaçılmaz ola bilər. Yox əgər bu iddialar reallığı əks etdirmirsə, onda sadəcə sanksiyaların daha da sərtləşdirilməsi ehtimal olunur. Artıq bu istiqamətdə işlər də aparılır.
İstənilən halda Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə və Avropa İttifaqı nümayəndələrinə bildirib ki, Ukrayna məsələsi tez bir zamanda həll olunmalıdır. Çünki ABŞ-in digər vacib prioritetləri var və o, həmin istiqamətlər üzrə çalışmaq istəyir. Bu prioritetlərdən biri də İran məsələsi ola bilər. Bu nöqteyi-nəzərdən ABŞ–İran qarşıdurması getdikcə yeni fazaya keçə bilər. ABŞ özü də zərbə endirə, Fars körfəzi regionundakı dəniz donanması və yaxın müttəfiqi İsrailin hərbi potensialından istifadə edə bilər.
İstənilən halda bölgəmizdə vəziyyət getdikcə daha dramatik hal alır. Biz, Azərbaycan dövləti olaraq, çox istərdik ki, bu ziddiyyətlər tezliklə sülh yolu ilə tənzimlənsin və regionda genişmiqyaslı müharibə baş verməsin".
Səyyarə Mirzəyeva