Unudulan xəzinələr-Şəhər kitabxanaları

Tarix: 19:33 02.05.2025
Bir vaxt sakit, bilik dolu guşələr olan kitabxanalar bu gün unudulmaq təhlükəsi ilə üz-üzədir. Texnologiyanın sürətlə irəlilədiyi dövrdə kitabxanalar cəmiyyətin marağını saxlaya bilir, ya yox?
Mövzu ilə bağlı mütəxəssis Sərxan Rüstəmov "İnformator.az"a açıqlamasında bildirib ki, paytaxtımızda ən çox istifadə olunan kitabxana Mirzə Fətəli Axundov adına olan kitabxanadır. Uşaqlar üçün isə Firidun bəy Köçərli adına uşaq kitabxanası çox aktiv şəkildə fəaliyyət göstərir:
"Kitabxanalardan istifadə edən əhalini dəqiq bilmək üçün isə statistika lazımdır. Son dövrlərdə səsli kitbaların sayı artmağa başlayıb. Həmçinin elektron kitablarda populyarlaşıb. Ümumiyyətlə, Z nəslinin daha çox texnologiyaya yaxın olması elektron kitablardan daha çox istifadəyə səbəb olur. Mən bunu kitbaa qarşı vasitə kimi görmürəm, əksinə kitabın daha da əlçatan olması kimi görürəm. Əsas odur ki, insanlarımız kitab oxusunlar. Kitabxanalar da yeni dövrün tələbləri ilə ayaqlaşmalı, öz bazalarını, arxivlərini, kitab kataloqlarını elektronlaşdırmalıdırlar. Kitabları cəlbedici etmək müxtəlif yaş qruplarına görə fərqlənir. Məsələn, uşaqlar üçün cəlbedici etmək üçün valideynlər üzərinə böyük yük düşür. Məktəblilər üçün təhsil qurumunun, müəllimlərin, pedaqoqların rolu vacibdir. Gənclər üçün artıq kitabxanalar da öz işlərini görməlidirlər. Müasir tendensiyalara uyğunlaşmalıdırlar. Kitabxana daxilində rahat şəraitin, audio kitabların və yaxud da elektron kitabların olması, müəyyən qədər daha müasir interyerin olması üçün istənilən vasitələrə əl atılmalıdır. Çox təəssüflər olsun ki, bəzən görürük ki, bəzi kitabxanalar hələ də Sovet dövründən qalma təmirdə, köhnə görünüşdədirlər. Təbii ki, müasir dizaynda olan, yenilənən kitabxanalar da var. Kitabxanaların xarici görünşü belə gözəl olmalıdır ki, yanından keçən gənclər, uşaqlar üçün cəzbedici olsun. Eyni zamanda, içindəki kitablarda yenilənməlidir. Bunun üçün təbii ki, dövlət dəstək və inkişaf üçün xüsusi plan hazırlamalıdır".
Billurə Quliyeva