Buraxılış imtahanlarında apellyasiya şikayətləri artıb

Bölmə: Sosial › ,
Tarix: 22:19 07.05.2025

2 martda keçirilən buraxılış imtahanında iştirak edən 6 305, 9 martda keçirilən imtahanda isə 4 676 şagird apellyasiya üçün şikayət verib. Bu göstərici əvvəlki illərlə müqayisədə xeyli yüksəkdir.

 

Mövzu ilə bağlı təhsil eksperti Vüsət Əzizov "İnformator.az" açıqlamasında bildirib ki, 2 və 9 mart 2025-ci il tarixlərində keçirilən 11-ci sinif buraxılış imtahanlarının nəticələri ilə bağlı yaradılan Apellyasiya Komissiyasına ümumilikdə 10 981 şagird elektron ərizə ilə müraciət edib:

 

“Bu göstərici müvafiq olaraq 2024-cü ildə 10 496, 2023-cü ildə isə 9 073 olub.

2025-ci ildə qeyd olunan imtahanlarda təxminən 116 000 şagird iştirak edib və ümumilikdə bir milyon tapşırıq üzrə yazı işləri yenidən yoxlanılıb. Artıq müraciətlərin təqribən yarısı araşdırılıb. Şikayətlər əsasən ətraflı cavablandırılması tələb olunan tapşırıqların yenidən qiymətləndirilməsi ilə bağlıdır.

Bundan əlavə, şagirdin tapşırığın cavabını səhv bölmədə yazması və ya tapşırığın şərtinin izahı ilə bağlı yaranan anlaşılmazlıqlar da müraciətlərin əsas səbəblərindəndir.

Əvvəlki illərin təcrübəsi göstərir ki, apellyasiya üçün müraciət edənlərin təxminən 20 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya cavablarını qiymətləndirmə meyarları ilə müqayisə etmədən Komissiyaya şikayət ediblər. İmtahan iştirakçılarının hər birinin öz nəticələri ilə bağlı Komissiyaya müraciət etməsi onların hüququdur. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanların nəticələrinə dair Apellyasiya Komissiyasına edilən müraciətləri ədalətli qərarların təmin olunması baxımından müsbət hal kimi dəyərləndirmək olar".

 

Nigar Həsənzadə