Kiçik və Orta Biznesin İnkişafı Agentliyi kiçik sahibkarlar üçün sərgidə stend quracaq

Bölmə: İqtisadiyyat › ,
Tarix: 23:00 07.05.2025

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) iyunun 2-4-də Bakıda keçiriləcək 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində (“Caspian Oil and Gas”) KOB-ların iştirakı üçün ayrıca stend quracaq.

 

Həmin tarixlərdə Bakı Ekspo Mərkəzində baş tutacaq sərgidə neft, qaz və energetika sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq aparıcı şirkətlər bir araya gələcək.

 

Kiçik və orta biznes subyektlərinin (KOB) neft-qaz sektorunun təchizat zəncirində iştirakının artırılması, bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və KOB-ların məhsul və xidmətlərinin tanıdılması məqsədilə KOBİA bu il də sərgidə onların iştirakı üçün ayrıca stend təşkil edəcək.

 

Ödənişsiz əsaslarla həmin stenddə məhsul və xidmətlərini təqdim etməkdə maraqlı olan KOB-lar mayın 23-dək müvafiq formanı doldurmalıdırlar.

 

Bu məsələ ilə bağlı Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki, sözügedən sektorda rəqabət şəraitinin yaranması və göstərilən xidmətlər, sahələr üzrə qiymətlərin formalaşması prosesinə bu təşəbbüs müsbət təsir göstərə bilər:

 

“Kiçik və orta biznes subyektlərinin iqtisadiyyatın bütün sahələrində iştirakı olduqca vacibdir və çox böyük müsbət əhəmiyyəti vardır. Neft-qaz sektorunda Azərbaycanda əgər kiçik və orta biznes subyektləri fəaliyyət göstərirsə, bunu alqışlamaq lazımdır. Sözügedən sektorda rəqabət şəraitinin yaranması və göstərilən xidmətlər, sahələr üzrə qiymətlərin formalaşması prosesinə bu təşəbbüs müsbət təsir göstərə bilər.

 

Ölkə iqtisadiyyatının aparıcı qüvvəsi sayılan neft-qaz və energetika sektorunda kiçik və orta biznesin inkişafına müvafiq dövlət dəstəyi göstərilməlidir. Bu tendensiya stimullaşdırılmalıdır. Neft-qaz sektorunda KOB-ların iştirakı ölkədə ümumi biznes mühitinə tərəqqi və dinamika baxımından müsbət təsir göstərə bilər.

 

Bu sahədə dövlət stimullaşdırıcı siyasət həyata keçirməlidir. Kiçik və orta biznes subyektlərinin iqtisadiyyatın lokomotiv rolunu oynayan neft-qaz və energetika sektorunda da formalaşması dəstəklənməlidir. Bu isə rəqabət şəraitinin yaranmasına və qiymət amilinin formalaşmasına effektiv təsir göstərə bilər".

 

Xədicə Məhərrəmli