Münchausen sindromu nədir?

Bölmə: Maraqlı › ,
Tarix: 22:00 13.05.2025

Psixologiyada bəzi nadir və qeyri-adi sindromlar mövcuddur ki, onlar insan davranışına ciddi təsir göstərir. Bu cür sindromlar bəzən fərdin özünə və ya başqasına zərər verməsinə səbəb ola bilər. Münxauzen sindromu və onun proksi forması da bu tip psixoloji pozuntular sırasında yer alır.

Məsələ ilə bağlı psixoloq Sevinc Savadlı "İnformator.az"a açıqlamasında bildirib ki, Münchausen sindromu çox nadir rast gəlinən bir sindromdur:

"Burada uşağın anasından söhbət gedir. O, hər zaman öz uşağında ya xəstəlik əlamətləri, ya da xırda olan əlamətləri şişirdib üzə çıxardır. Məsələn, uşağı davamlı olaraq həkimlərə aparır, müayinə etdirir, prosedurlara yönəldir. Hətta elə bir problem yaranır ki, həkimlərlə, ailə üzvləri ilə, dostları ilə görüşəndə ancaq bu uşağın xəstəliyindən danışırlar. Əsas motiv uşağa baxmaq deyil, diqqəti öz üzərinə cəlb etməkdir. Ona görə də uşaq lazımsız dərmanlara, müayinələrə, prosedurlara məruz qalır və bu prosesdən fiziki və emosional zərər görür. Uşaq anasının yalanlarına məcbur olur, inanır və burada da böyük problem yaranır".

Ekspert həmçinin bunu da bildirib ki, bu sindroma diaqnoz qoymaq da olduqca çətindir:

" Bu sindromun, səbəbi bilinmir, amma amilləri var. Ola bilər ki valideynin uşaqlıqda psixoloji problemləri olub, travmatik hadisələr yaşayıb. Bu diaqnozun müəyyənləşdirilməsi uzun sürən bir prosesdir, çünki həmin insan hərəkətlərini gizlətməyə çalışır. Buna görə də, diaqnozu həkimlər, psixoloqlar, sosial işçilər — yəni bir komanda şəklində — birgə qoymalıdırlar. Onu da qeyd edim ki, bu diaqnozu qoyanda da ehtiyatlı olmaq lazımdır. Çünki ailə sonradan ciddi bir problem yaşaya bilər".

Gülhüseynova Güllər