ABŞ və İran arasında danışıqlar davam edir

Bölmə: Siyasət › ,
Tarix: 12:38 14.05.2025

İran nüvə dosyesi ilə bağlı dialoqları davam etdirir. İran ABŞ, Avropa ölkələri, Çin və Rusiya ilə nüvə proqramı üzrə danışıqları davam etdirir. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Dohada, ABŞ ilə dolayı danışıqların dördüncü raundundan əvvəl açıqlama verib. Əraqçi bildirib ki, Tehran nüvə silahı əldə etməyə çalışmasa da, xalqının dinc nüvə texnologiyalarından istifadə hüququndan imtina etməyəcək.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrətli "İnformator.az"a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları ilə münasibətlərin normallaşması üçün əlbəttə ki, İran hər şeydən öncə dünyanın qəbul etdiyi insan hüquqları standartlarını öz daxilində tətbiq etməlidir:

 

" Yəni nüvə danışıqları ikinci və arxa planda olan məsələdir. Əslində İran ümumiyyətlə dünyanın normal dövlətlərinin işbirliyi etmək istəmədiyi bir dövlətə çevrilib. Bu ölkədə din dövlətdən üstündür. Hətta din konkret bir məzhəb kimi dövlətdən üstündür. İkinci bir tərəfdən fars olmayan başqa millətlərin hüquqları yox sayılır. Onların ana dili, məktəb hüquqları, ümumiyyətlə tanınmır. hətta rəsmi şəkildə başqa dillərdə danışmaq yasaqlanır. Belə bir şəraitdə, təbiidir ki, dünyanın normal dövlətləri İranla işbirliyinə, yaxınlaşmağa maraqlı ola bilməzlər. XX yüzildə belə yanaşma məqbul sayıla bilməz. O baxımdan nüvədən, nüvə danışıqlarından daha çox bu məsələlər İranı təcrid edir. İkinci bir tərəfdən də əlbəttə ki, İranın nüvə sahəsində özbaşına və dünyaya təhdid yarada biləcək şəkildə irəliləməsi heç bir dövləti biganə qoya bilməz. O cümlədən də qonşu dövlətlər də, ABŞ də daha bir nüvə dövlətinin ortaya çıxmasıyla dünyada yeni təhlükə mənbəyinin yaranmasını arzulamır. Ona görə də İrana bu münasibət sərgilənir. İndi o, Amerika Birləşmiş Ştatları ilə aparılacaq danışıqların məğzində aparılacaq deyəndə aparılmaqda olan, daha doğrusu, danışıqların məğzində, təbiidir ki, nüvə atom texnologiyasından dinc məqsədlər üçün istifadənin yolları əslində araşdırılır. Yəni İran da başqa dövlətlər kimi bundan dinc məqsədlər üçün istifadə edə bilər. Müvafiq beynəlxalq nəzarət mexanizmləri tətbiq edilməklə, sadəcə olaraq İran uzun illərdir o nəzarət mexanizmlərindən yayınmağa çalışır. Üstəlik də gizli şəkildə atom silahı hazırlamaqla məşğuldur. Dünyanı narahat edən də budur".

 

O həmçinin açıqlamasında bildirib ki, şəffaflıq vacib məsələdir:

 

"Nəzərə almaq lazımdır ki, İran kimi təcavüzkar dünyanın başına bəla olub bir dövlətin üzərinə mütləq beynəlxalq nəzarət tətbiq edilməlidir. Əgər İran doğrudan da normal dövlətə çevrilmək istəyirsə, bu, nəzarətdən imtina etməməlidir, edə də bilməz. ABŞ da, eləcə də dünyanın böyük dövlətləri ilə bərabər atom enerjisi sahəsində, ümumiyyətlə, atom texnologiyaları sahəsində nəzarət edən beynəlxalq qurumlar mütləq İranda rahat bir şəkildə işləyə bilməlidirlər. Bunun üçün şərait yaradılmalıdır. Yəni, dünyanın başqa ölkələrində masa arxasında danışıqlarla bu məsələ həll edilmir. Konkret olaraq İran dövləti o qurumlar üçün açılmalıdır. Həmin qurumlar gəlib İranda oturmalı və davamlı şəkildə nəzarət həyata keçirməlidir ki, əminlik yaransın. İran atom silahı hazırlamır. Dinc məqsədlər üçün bu texnologiyalardan istifadə edirsə, onun da qaydaları var, üsulları var, dünyanın məqbul saydığı yolları var. İran da ona əməl etməlidir".

 

Ayşən Səlimova