Sülh yoxsa təxribatlar?

Bölmə: Siyasət › ,
Tarix: 16:49 14.05.2025

Azərbaycan və Ermənistan arasında uzun illərdir davam edən münaqişə, xüsusilə 2020-ci ilin Vətən müharibəsindən sonra yeni bir mərhələyə qədəm qoyub. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra regionda sülh və əməkdaşlıq imkanlarının yaranması gözlənilsə də, Ermənistan daxilindəki müəyyən siyasi və hərbi dairələr bu reallıqla barışmaq istəmir. “Caliber.az”-ın məlumatına görə, Ermənistanda bəzi dairələr tərəfindən Azərbaycana qarşı təxribat xarakterli planlar hazırlandığı və bu istiqamətdə hazırlıqların aparıldığı iddia olunur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Sultan Zahidov bildirib ki, Ermənistan sülhə zərbə vuracaq əməllər edirsə, Fransa və Hindistandan silah alırsa, burada fikirlər qarışır və iki ölkə arasında sülh məsələsi kölgə altına düşür:

 

“Ermənistan siyasi-hərbi rəhbərliyinin sülhdən car çəkməsinə baxmayaraq, biz Ermənistanın daxilindəki prosesləri izləyirik və daxildə müəyyən qruplaşmalar Azərbaycan əleyhinə təbliğat aparmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qəsd edəcək planlar hazırlamaqdadırlar. Buna ilk növbədə, Ermənistanda fəaliyyət göstərən müxalif partiyaları, digər tərəfdən Erməni diasporunu nümunə göstərə bilərik. Bu gün xaricdə aktiv şəkildə fəaliyyət göstərən “Daşnaksutyun” partiyası özünün hər bir qurultayında Azərbaycana qarşı əsassız fikirlər səsləndirir. Eyni zamanda, bu məsələ ilə nəinki, ölkə xaricində, ölkə daxilində də propaqanda var. “Daşnaksutyun” nümayəndələri ölkə daxilində təbliğatlar aparmaqdadırlar ki, bu da dayanıqlı sülhə zərbə vurur. Ermənistan sülhə zərbə vuracaq əməllər edirsə, Fransa və Hindistandan silah alırsa, burada fikirlər qarışır və iki ölkə arasında sülh məsələsi kölgə altına düşür.”

 

Siyasi şərhçi Azərbaycanın mövqeyindən danışıb:

 

“Azərbaycan diplomatik cəbhədə Ermənistanın əməllərini açıq şəkildə vurğulamaqdadır. XİN-nin bəyanatlarında sülh prosesinə zidd addımlarla bağlı ifadələri biz görə bilərik. Hərbi məsələlərə gəldikdə isə burada gizli və sirr daşıyan məqamlar vardır. Əminik ki, Azərbaycan hərbi cəhətdən öz milli maraqlarını müdafiə etmək və təhlükəsizliyini təmin etmək üçün bütün lazımlı addımları atmağa davam edir.”


Günel Verdiyeva