“ “Qarabağ”ın ölkə çempionatında çempionluğunu əlindən almaq mümkünsüzdür”

Tarix: 16:15 14.05.2025
"Bu gün Azərbaycanda Ağdam təmsilçisinə çempionluq yolunda mane ola biləcək kollektiv yoxdur. Bu vəziyyətin hələ bir neçə il də belə davam edəcəyini proqnozlaşdırmaq çətin deyil".
Bu sözləri idman jurnalisti Orxan Sübhan "İnformator.az"a açıqlamasında deyib.
Müsahib qeyd edib ki, "Qarabağ”ın gücü bizi sevindirir:
“Avrokubokdakı uğurlarına hər nə qədər seviniriksə, ölkə daxilində təkhakimiyyətliliyi bir o qədər Azərbaycan futbolunun gələcəyini şübhə altına alır. Rəqabət olmayan yerdə hansı inkişafdan danışmaq olar axı?
"Qarabağ"ı ölkə çempionatında hansısa oyunda məğlub etmək olar, ancaq çempionluğunu əlindən almaq mümkünsüzdür. Qurban Qurbanovun komandası hər il mövsümün başa çatmasına turlar qalmış çempionluğu təmin edir. "Qarabağ" bu gün ölkənin ən güclü komandasıdır. Bu birmənalı belədir, reallıqdır. Azarkeşlər hərdən "Qarabağ"ın bahalı transferlər etməməsindən şikayətlənirlər. "Qarabağ" görsə ki, "Neftçi", Zirə", "Sabah" bu gün milyonluq futbolçu transfer edir, güclənmək üçün əlindən gələni edir, inanın ki, "Qarabağ" çempionluğu əldən verməmək üçün daha bahalı futbolçuları heyətə qatar".
Müsahibimizin sözlərinə görə hazırki mənzərə komandaların Ağdam təmsilçisinin hegemonluğunu çoxdan qəbul etməklərindən ibarətdir:
"Qurban Qurbanovun komandasından Avrokuboklardakı perespektivə uğur qazanmaq üçün heyəti hökmən gücləndirmək lazımdır. Hazırki heyətlə Avrokubokların yeni mövsümü uğursuz olacaq. Qısa və konkret, pul qazanmaq istəyirsənsə, pul xərcləməlisən".
Zəhra Möhübbətova