Müasir rəssamlıqda janr sərhədləri var?

Tarix: 14:34 14.05.2025
Zaman keçdikcə incəsənət də insan kimi dəyişir, inkişaf edir və öz yolunu yenidən kəşf edir. Klassik rəssamlıqda janrlar – portret, landşaft, natürmort və digərləri – sərhədlərlə ayrılmış, aydın çərçivələr içində təqdim olunurdu. Lakin müasir dövrdə bu sərhədlər getdikcə daha çox bulanıqlaşır.
Mövzu ilə bağlı rəssam Günəş Heydərova "İnformator.az"a bildirib ki, rəssamlıq daim kəşf etmək, axtarış etmək, özünü və tərzini tapmaqdır:
"Ona görə də əsl incəsənət adamının bir janra sadiq qalması ifadəsi düzgün sayılmır. Mən fərqli janrları kompizisiya şəklində birləşdirməyi daha çox sevirəm. Buna misal olaraq mənzərə janrını abstrakt şəkildə portret və ya natürmort janrı ilə birləşdirmək olar. Bu çox cəlbedici, dəlisov və maraqlı görünür. Müasir sənət nümunələrində janrların birləşməsi mənə çox maraqlı gəlir. Nümunə üçün Salvador Dalinin bütün əsərlərini göstərmək olar ki, hər bir əsərlərini dəfələrcə nəzərdən keçirib dərs götürmək olar. Gələcəyin incəsənətində janr anlayışının tamamilə yoxa çıxacağı anlayışı tamamilə yanlış fikirdir. Necə ki, öz tarixini, mədəniyyətini dəyişmək və ya yoxa çıxartmaq olmaz, janr anlayışı da buna bənzər fikirdir".
Fatimə Heydərova