Pakistanın Baş naziri İlham Əliyevə təşəkkür edib

Tarix: 21:03 14.05.2025
Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanın Prezidenti İlham Əliyevə və qardaş Azərbaycan xalqına Pakistan xalqına göstərdikləri sarsılmaz dəstək və həmrəylik üçün təşəkkürünü bildirib.
Bu barədə Pakistanın Azərbaycan səfirliyindən məlumat verilib. Bildirilib ki, siyasətçi bu fikirləri İslamabadda Azərbaycanın səfiri Xəzər Fərhadovla görüş zamanı səsləndirib. Şərif qeyd edib ki, qardaş Azərbaycanın mövqeyi iki xalq arasında güclü dostluq və qardaşlığın təzahürüdür. O, Azərbaycanla ikitərəfli əməkdaşlığın müsbət inkişaf dinamikasından məmnunluğunu ifadə edib və Prezident İlham Əliyevin ötən ilin iyulunda Pakistana tarixi səfərinin iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığa yeni təkan verdiyini vurğulayıb. Fevral ayında Bakıya etdiyi səfəri xatırladan Şərif, Pakistanın Azərbaycanla qardaşlıq münasibətlərini qarşılıqlı faydalı iqtisadi tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyətini bir daha təsdiqləyib. Hökumət başçısı, həmçinin, Pakistanın suverenliyini və ərazi bütövlüyünü hər hansı bir təcavüz qarşısında qətiyyətlə müdafiə etməyə hazır olduğunu bildirib. Öz növbəsində səfir Fərhadov qeyd edib ki, Azərbaycan və Pakistan dost və qardaş ölkələr kimi bir-birini dəstəkləməyə davam edəcək. Diplomat əlavə edib ki, Prezident İlham Əliyev Pakistanla qardaşlıq əlaqələrinə böyük əhəmiyyət verir və bu münasibətlər son illərdə sürətlə inkişaf edir.
Caliber
Billurə Quliyeva