Roma Papasının Türkiyəyə səfəri

Bölmə: Siyasət › ,
Tarix: 18:56 14.05.2025

Roma Papası XIV Leonun Türkiyəyə planlaşdırılan səfəri həm dini, həm tarixi, həm də diplomatik baxımdan böyük maraq doğurur. Birinci İznik Şurasının 1700 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcəyi gözlənilən Papa, xristianlıq tarixində mühüm yer tutan bu toplantıya qatılan ilk Roma Papası ola bilər.Mövzu həm Vatikanın, həm də Türkiyənin daxili və xarici siyasəti kontekstində diqqətlə izlənilir.

 

Roma Papası XIV Leonun İznikə planlaşdırılan səfəri nə üçün tarixi sayılır və bu səfərin kilsələrarası dialoq, siyasi münasibətlər və arxasındakı mümkün geosiyasi məqsədlərlə hansı əlaqəsi var?

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a bildirib ki, diqqətçəkən əsas məqam mərhum Papa Fransiskin ölümündən əvvəl xələfinin sözügedən tədbirə getməsini vəsiyyət etməsidir:

 

"Papa XIV Leonun Türkiyəyə səfəri dini, tarixi və diplomatik baxımdan olduqca əhəmiyyətlidir. Burada bir ilkə şahidlik edə bilərik. Belə ki, indiyə qədər heç bir Roma Papası İznik Şurasının tədbirlərinə qatılmayıb. Qeyd edək ki, bu şuranın ilk iclası eramızın 325-ci ilində keçirilib və xristianlıq tarixində ilk ümumdünya konsili hesab olunur. Bu iclasın digər önəmi də xristianlığın ilk doktrinalarının formalaşmasında mühüm rol oynamasıdır.

 

İznik Konsilləri tarixdə çox əhəmiyyətli olsa da, bu toplantılar Roma Papalarının deyil, əsasən Bizans imperatorlarının himayəsi altında keçirilmiş ümumdünya xristian şuraları idi. Roma papaları o dövrdə bu şuralara qatılmır, nümayəndələr (legat) göndərirdilər. Məsələn, Birinci İznik Konsilində Roma Papası I Silvestr şəxsən iştirak etməmiş, əvəzində yerinə iki nümayəndə – Vito və Vinsentius – göndərib.

 

İlk dəfə isə 1920-ci illərdə Roma Papası XI Piusun Türkiyəyə səfər etmək istəyi olub. Ancaq Mustafa Kamal Atatürk başda olmaqla Türkiyə rəhbərliyi bu təklifi qəbul etməyib. Atatürk tərəfindən həyata keçirilən islahatlar və bu islahatların önəmli hissəsi olan dünyəvi dövlət quruculuğuna görə xristian liderinin səfəri, dövlətin dini təsirlərdən uzaq durma prinsipinə zidd hesab edilərək rədd edilib".

 

Politoloq əlavə edib ki, 1979-cu ildə isə Papa II İohann Pavelin Türkiyəyə səfəri planlaşdırılıb:

 

" Lakin həmin dövrdəki siyasi gərginliklər (sağ-sol qarşıdurması) və 20 noyabr 1979-cu ildə Cüheyman əl-Uteybi adlı radikal ideoloqun başçılıq etdiyi təxminən 500 silahlı şəxsin Kəbə basqınını həyata keçirməsi ilə əlaqədar bu səfər təxirə salınıb.

 

Son olaraq, 2006-cı ildə Papa XVI Benediktin Türkiyəyə səfəri baş tutub. Bu səfər, xüsusən də onun İslam haqqında açıqlamaları Türkiyədə geniş etirazlara səbəb olub. Buna baxmayaraq, Papa İstanbulda Yunan Ortodoks Patriarxı I Bartolomeos ilə görüşərək, iki kilsə arasındakı əlaqələri müzakirə edib.

Yəni göründüyü kimi, Roma Papalarının Türkiyəyə səfəri ya baş tutmayıb, ya da baş tutsa da, İznikə səfərlərinə icazə verilməyib. Əsas səbəblər isə bunlardır:

 

Birincisi, İznik (Nikaea) tarixən Bizans dövrünün dini və siyasi mərkəzlərindən olub. Bu şəhər xristianlar üçün çox vacibdir. Hətta buranı xristianların ikinci qütbü kimi görənlər də var.

 

İkincisi, İznikdə keçiriləcək tədbir həm də dini ziyarət mahiyyəti daşıyır. Nəzərə alsaq ki, bu günə qədər heç bir Roma Papası İznik Şurasının tədbirində iştirak etməyib, deməli, bu səfər baş tutsa, gələcəkdə şəhərin xristianlar üçün əhəmiyyəti daha da arta bilər.

 

Roma Papasının İznikə səfəri təkcə dini yox, həm də kilsələrarası və siyasi baxımdan böyük simvolik məna daşıyacaq.

 

Məsələ ondadır ki, Roma Papası XIV Leonun ABŞ Prezidenti Donald Trampın istəyi ilə papa seçildiyinə dair ciddi iddialar var. Digər tərəfdən, ABŞ–Rusiya və Tramp–Putin formatında baş verən son siyasi dialoqlar, dünya güclərinin geosiyasi bölgülər qarşısında xristian birliyini bərpa etmək istəyi kimi də şərh edilə bilər. Bu kontekstdə katolik və pravoslav kilsələrinin birləşməsi məsələsi yenidən müzakirə masasına gələ bilər.

 

İndi əsas sual budur: Roma Papasının Birinci İznik Şurasının 1700 illiyinə həsr olunmuş tədbirdə iştirakı baş tutacaqmı? Bir neçə il əvvəl bu suala birmənalı “yox” cavabı vermək olardı. Lakin Türkiyədə çox “olmayacaq” deyilən şeylər gerçəkləşib. Abdullah Öcalanla gedən danışıqlar, PKK-nın özünü buraxması və s. buna misal göstərmək olar. Yəni Roma Papasının Türkiyədə Birinci İznik Şurasının tədbirinə qatılıb-qatılmayacağı haqda konkret nəsə demək çətindir".

 


Türkan Kərimli