Tehranda yeni diplomatik səhifə-Rusiya-İran yaxınlaşması

Tarix: 21:33 14.05.2025
Tehrana diplomatik səssizliyi pozan bir təyyarə enəcək.Bu, sadəcə bir səfər deyil güc balansında yeni bir səhifənin başlanğıcı olacaq.Rusiya Prezidenti, İranla münasibətlərin daha da dərinləşməsini təmin etmək üçün Tehranı ziyarət edəcək. Bu səfər, həm hərbi, həm də iqtisadi əməkdaşlıq sahələrində ciddi yeniliklər və inkişaflar vəd edir. Təsadüfi deyil ki, Azərbaycan kimi regional güclər də bu yeni dönəmi diqqətlə izləyir, çünki bu, qonşu ölkələrin münasibətlərini və regional təhlükəsizlik dinamikasını əhəmiyyətli dərəcədə dəyişə bilər.
Bu barədə “İnformator.az”a açıqlamasında siyasi şərhçi Natiq Miri bildirib ki,Azərbaycan bu müstəvidə “İtlə dostluq elə,amma çomağı əldən qoyma”prinsipinə uyğun kontekstdə çıxış edir:
“İranın müdafiə qabiliyyətinin genişlənməsi və bu kontekstdən Rusiya ilə əməkdaşlığı, açığı, təkcə Azərbaycan üçün deyil, bir çox regional ölkələr üçün risk amili daşıyır. Ancaq bu gün İran qonşu ölkələrlə, xüsusilə Azərbaycanla əməkdaşlığı genişləndirmək və münasibətləri tənzimləmək istəyini ortaya qoyub. Ən azından Prezident Məsud Pezeşkianın Bakı səfəri bunu sübut edir. Ancaq bu görüşdən sonra bu münasibətlər hara qədər inkişaf edə biləcək – bu, perspektiv məsələsidir. Çünki İranda vahid güc mərkəzi mövcud deyil. Bir tərəfdə hökumət, başqa bir tərəfdə hərbi güc olan Sepah kimi qüvvələr var ki, burada zaman-zaman maraqlar tamamilə fərqli müstəvidə inkişaf edə bilir, bir-birlərinə əngəl törədə bilirlər. Bir tərəfdə hökumət qonşu Azərbaycan və digər müsəlman ölkələrlə münasibətləri müsbət mənada inkişaf etdirmək istəyirsə, başqa tərəfdə bu münasibətləri pozacaq Sepahın davranış və siyasətini biz görürük. Bu baxımdan, əlbəttə ki, risk amilləri mövcuddur. Ancaq hər bir halda İran bütün qonşu dövlətlərlə düşmənçilik siyasəti etməklə mövcud rejimin dayanıqlığını davam etdirə bilməz. Ona görə də Məsud Pezeşkianın rəhbərlik etdiyi hökumət qonşu dövlətlərlə dost münasibətlər siyasətinə üstünlük verir. Təbii ki, Azərbaycan da bu yöndə özünün ehtiyat variantlarını özündə saxlayır. Çünki bu günə qədər zaman-zaman yaxınlaşma hadisələri mövcud olub. Ancaq sonradan münasibətləri pozacaq çox ciddi informasiya və siyasi təxribatlar olub ki, bu da iki dövlət arasında münasibətlərdə gərginliyə səbəb olub.
Politoloqun sözlərinə görə,İranın nüvə proqramı və Qərblə gərginliyi, Rusiyadan dəstək alma ehtiyacını artırır:
İran indiki vəziyyətdə iqtisadi sanksiyalar altında əzilir. Paralel olaraq, İranın İsrail və onun strateji müttəfiqi olan ABŞ ilə gərgin münasibətləri mövcuddur. Çünki İranda nüvənin zənginləşdirilməsi səviyyəsi artıq 80-90 faizi keçdiyi üçün bu da İran dövlətinin nüvə silahı əldə etməsinə çox yaxın olduğunu göstərir. Bu baxımdan, ABŞ, İsrail–İran müstəvisində olan gərginliklərin hər an yeni hərbi toqquşmaya və İrana qarşı müharibə əməliyyatlarının keçirilməsinə səbəb ola bilər. Məsələyə bu kontekstdə yanaşsaq, təbii ki, İranın Rusiya kimi böyük və nüvə silahı olan bir ölkə ilə münasibətləri daha da dərinləşdirməsinə ehtiyacı var. Bu baxımdan, bu İranın maraqları kontekstindədir. Çünki İran müdafiə nöqteyi-nəzərindən, təhlükəsizlik baxımından öz təhlükəsizliyini təmin etmək üçün Rusiyadan istəkləri var. Xüsusilə də, qırıcı təyyarələr və havadan müdafiə sistemləri yönündə. Həm hərbi, həm də digər sahələr üzrə Rusiya–İran əməkdaşlığının genişləndirilməsini düşünürəm ki, hər iki dövlətin geosiyasi və geoiqtisadi maraqları çərçivəsindədir.
İndiki vəziyyətdə həm Rusiyanın, həm də İranın bu cür əməkdaşlığa ehtiyacı var. Çünki hər iki dövlət Qərb dünyasının tətbiq etdiyi sanksiyalar altında əzilməkdə davam edir.Buna görə də ,Qərbə qarşı bir növ alternativ güc mərkəzi formalaşır. İstər hərbi, istərsə də siyasi və iqtisadi cəhətdən belə bir əməkdaşlıq formatına ehtiyac var. Çünki hər üç ölkə ABŞ-nin təzyiqi altındadır. Tətbiq olunan ticarət məhdudiyyətləri, rüsumların artırılması və iqtisadi sanksiyalar təbii olaraq bu üç ölkənin maraqlarını yaxınlaşdırır.
Politoloqun sözlərinə görə, Rusiya–İran–Çin üçbucağı kontekstində bir ittifaq görüntüsü mövcud olsa da, onun nə qədər dayanıqlı olması ciddi suallar doğurur:
Deyək ki, əgər ABŞ və İran danışıqları konkret nəticə verməsə, İsrailin və yaxud ABŞ-nin İsraillə birgə İrana hərbi müdaxilə etməsi, ən azından havadan zərbələr endirməsi halında, açığı, Rusiyanın və Çinin bu prosesdə hərbi cəhətdən birbaşa iştirakını mən istisna edirəm. Hərbi cəhətdən yardımlar olmayacaq. Kimsə nə əsgərini, nə də silahlarını İsrail–ABŞ birliyinə qarşı istifadə etməyəcək. Ona görə də belə bir ittifaqı hələlik görüntü xarakterli, sözdə təsəvvür etmək olar. Bir növ düşmənə qarşı birlik görüntüsü yaratmaq və maraqlar ittifaqı kimi də dəyərləndirmək olar. Hələlik bundan ötəsi deyil”.
Səkinəbəyim Cəfərova