Tehran Bakıya yeni səfir təyin edir

Bölmə: Siyasət › ,
Tarix: 23:32 14.05.2025

İranın Azərbaycandakı yeni səfirinin təyinatı ilə bağlı proses yekun mərhələyə daxil olub. Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai məlumat verib. O, Tehranda keçirilən 36-cı Beynəlxalq Kitab Sərgisi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, səfirin seçilməsi ilə bağlı bütün zəruri addımlar artıq atılıb və rəsmi təyinatın yaxın günlərdə baş tutacağı gözlənilir.

 

 

Mövzu ilə bağlı münasibət bildirən Məhsa Mehdizadə "İnformator.az"a açıqlamasında qeyd edib ki, İranın Azərbaycandakı yeni səfirinin təyinatı ikitərəfli münasibətlərin gələcək dinamikasına birbaşa təsir göstərə bilər:

 

“Qarabağ müharibəsində Azərbaycanın bölgədəki gücünün artdığını və İraq-Ermənistan ittifaqının bir mənada məğlub olduğunu gördük. İran hər nə qədər rəsmi səviyyədə fərqli mövqe nümayiş etdirsə də, illərdir Ermənistanın işğalçı siyasətini dəstəkləyib. Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdi və bu məğlubiyyət ilk növbədə Ermənistana aid idi. Lakin İran Ermənistanın siyasətinə tərəfdar olduğu üçün bu məğlubiyyətə dolayısı ilə ortaq sayıldı. Bu məğlubiyyətdən sonra İranın Azərbaycana qarşı münasibətində aqressiv ton hiss olunmağa başladı. Tehranda Azərbaycanın səfirliyinə hücum, sonrakı açıqlamalarda və yürüdülən siyasi xətdə bu aqressiyanın izlərini aydın şəkildə görmək mümkündür. Müharibədən sonra Azərbaycan-İran münasibətləri kifayət qədər gərgin bir mərhələdən keçdi".

 

Bununla belə, müsbət dəyişikliklərə də diqqət çəkilib. Politoloqun sözlərinə görə, İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri münasibətlərin normallaşmasına təkan verə bilər:

 

“Prezident Pezeşkian Azərbaycana gələndə o, burada sadəcə İran prezident kimi yox, həm də Cənubi Azərbaycanın bir nümayəndəsi, bir yerlisi kimi qarşılandı. Bu, onu Azərbaycanda İran tərəfinin deyil, azərbaycanlı tərəfin təmsilçisi kimi qəbul etdirən mühüm bir mesaj idi. Prezident İran siyasətini müəyyən edən deyil, onu tətbiq edən bir fiqurdur. İran Azərbaycandakı inkişafı və siyasi gücü özünə təhlükə kimi qiymətləndirməyə davam edir. Münasibətlər normallaşsa belə, bu düşüncə dəyişməyəcək".

Qeyd edək ki, İranın Azərbaycandakı səfir postu bir müddətdir vakant idi və bu da iki ölkə arasındakı diplomatik münasibətlərin soyuqlaşması ilə əlaqələndirilirdi. Yeni səfirin kimliyi hələ açıqlanmasa da, rəsmi təyinatın münasibətlərə hansı istiqamətdə təsir göstərəcəyi maraqla gözlənilir.


Əhmədli Selcan