Tramp Şara ilə görüşüb-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:27 14.05.2025

ABŞ Prezidenti Donald Tramp Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şara ilə görüşüb, bu barədə “Əl Ərəbiyə” telekanalı məlumat yayıb.Məlumata görə, görüş Ər-Riyadda ABŞ-Körfəz Əməkdaşlıq Şurasının sammiti öncəsi baş tutub.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, bu sözügedən görüş Suriyanın yeni hökuməti üçün çox vacib əhəmiyyət daşıyır. Çünki bu, ilk növbədə rəsmi Vaşinqtonun yeni hökumətin tanınması anlamına gəlir:

 

"Ancaq bu, o demək deyil ki, Vaşinqton bütövlükdə Əş-Şəra hökumətinin siyasətini, yanaşmalarını və həyata keçirdiyi kursu tam şəkildə bəyənir. Donald Tramp bu səfər zamanı bir neçə hədəf müəyyən etməyə çalışırdı və hələ də bu niyyəti davam etdirir. Suriya hökuməti isə müəyyən təsirləri nəzərə alaraq öz siyasətini irəli sürməyə cəhd edir. Burada belə bir prinsip var: "Danış, görək hansı mövqedəsən". Tramp bu prinsipi əsas götürərək Əş-Şəra ilə birgə bəzi məsələləri həll etməyə çalışdı. Aydındır ki, Əş-Şəra hökuməti artıq Türkiyənin böyük dəstəyi ilə qarşılaşıb. Bu, vacib faktordur. ABŞ və Türkiyə hələ də müttəfiqdir və hər iki ölkənin liderləri — Erdoğan və Tramp — münasibətləri daha yüksək səviyyəyə qaldırmağa çalışırlar. Lakin bu, o demək deyil ki, Əş-Şəra hökumətinin müəyyən etdiyi hədəflər və prioritetlər Vaşinqtonun maraqlarına tam uyğundur. Çox güman ki, Vaşinqtonun Yaxın və Orta Şərqə dair yanaşmaları artıq yenidən formalaşdırılır. Xatırlayırsınızsa, bu yaxınlara qədər gözlənti var idi ki, ABŞ Yaxın və Orta Şərqdən çəkilir. Amma məncə, ABŞ heç vaxt bu regionu tam tərk etməyəcək. Ola bilər ki, bir qədər geri çəkilsin, lakin yenə də yerli müttəfiqlərlə prosesləri tənzimləməyə çalışacaq.
Burada Trampın planlarını bir qədər qarışdıran əsas fiqurlardan biri İsrailin Baş naziri Binyamin Netanyahu oldu. Netanyahu çox təhlükəli və çoxşaxəli siyasət aparır. Onun əsas arqumenti hər zaman gücə əsaslanır: güc, güc və yenə də güc. Lakin İsrailin daxilində cəmiyyətin böyük bir hissəsi bu siyasətlə razı deyil. Onlar anlayırlar ki, gücün total istifadəsi nəticədə İsrail xalqını təhlükə ilə üz-üzə qoyur.
Hazırda bölgədə daha çox tələb olunan yumşaq güc və mülayim yanaşmalardır. Ancaq Netanyahu hələ də “müharibə aparıram” mövqeyində qalır. Əgər bir lider yeddi istiqamətdə müharibə aparırsa, gərək bu münaqişə xətlərinin sayını azaltsın ki, proseslərdə yüngülləşmə olsun. Dialoqu tamamilə gündəmdən çıxartmaq doğru yanaşma deyil. Artıq İsrail daxilində belə bu siyasətə qarşı narazılıq artır və bəzi şəxslər Netanyahunu açıq şəkildə ittiham edirlər ki, onların beynəlxalq aləmdə düşmənə çevrilməsinə səbəb olur. Yaxın və Orta Şərqdə ciddi dəyişikliklərə ehtiyac var və burada İran da öz rolunu oynayır. Hesab edirəm ki, Netanyahu bu prosesləri təmkinlə, tərəfsiz yanaşma ilə idarə etməyə çalışacaq ki, bütün istiqamətlər üzrə dividend əldə etsin. Bilirsiniz ki, onun xarici və təhlükəsizlik məsələləri üzrə müşaviri Uoltz işdən uzaqlaşdırıldı. Səbəb isə onun Netanyahu ilə ayrıca danışıqlar aparması idi. Bu barədə Tramp və Netanyahu məlumat alar-almaz onu komandadan çıxardılar. Bu, ABŞ siyasətində mərkəzləşdirilmiş yanaşmanın göstəricisidir".

 

Həmçinin o qeyd edib ki, Tramp əsas məqsəd kimi ölkəsinin iqtisadi maraqlarını qorumağa çalışır:

 

"Görüşün digər əhəmiyyəti isə onun gözlənilən təsirlərindədir. Tramp bildirir ki, o, müharibələrin əleyhinədir və bütün münaqişələrin diplomatik yollarla həllini istəyir. Bu yanaşma həm də Ukrayna-Rusiya məsələsinə aiddir. ABŞ Ukrayna ilə resurs sazişi imzaladıqdan sonra müharibənin dayandırılması və ABŞ şirkətlərinin Ukraynada fəaliyyətə başlaması ABŞ üçün prioritetə çevrilib. Tramp bir iş adamı kimi anlayır ki, ABŞ digər ölkələrin sponsoru deyil. O, yardım edə bilər, amma bu yardımı davamlı və birtərəfli şəkildə etməyi düşünmür. ABŞ deyir ki, "özünüz qazanın, özünüz özünüzü dolandırın". NATO məsələsində də bu mövqe səslənir — artıq Amerika NATO-nun maliyyələşdirilməsini əvvəlki kimi etmək istəmir və Avropa ölkələrini öz müdafiələrini təmin etməyə çağırır. Bütün bu proseslərdə Trampın yanaşması praqmatik və rasionaldır. ABŞ Ukraynaya kifayət qədər hərbi yardım göstərib, amma artıq ehtiyatlar tükənmək üzrədir. Bu səbəbdən ABŞ İranla hərbi qarşıdurma ssenarisini arxa plana keçirir. Suriya ilə danışıqlar da bu kontekstdə aparılır. Körfəz ölkələri ilə münasibətlərdə isə köhnə ziddiyyətlər hələ də qalmaqdadır. Bir vaxtlar Suriya İranın müttəfiqi olduğu üçün Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ Bəşər Əsədlə eyni masa arxasında oturmaq istəmirdilər. Lakin indi Suriya ərəb dünyasına qayıtdıqca bu ölkələr də Suriyada iqtisadi maraqlarını təmin etməyə çalışacaqlar. Lakin bu asan olmayacaq. Əş-Şəra hökuməti çalışır ki, ölkənin vahidliyi qorunsun, yəni Suriya federativ dövlətə çevrilməsin. ABŞ zahirdə bu fikirlə razılaşsa da, əslində məqsədi Suriyanın yerində ən azı üç dövlət yaratmaqdır. Suriyanın gələcəyi daxili qüvvələrin təpərindən asılıdır. Əgər bu qüvvələr xarici təzyiqlərə qarşı müqavimət göstərsələr, öz mövqelərini qoruya biləcəklər. Əks halda ölkənin taleyi daha da mürəkkəbləşəcək. İsrail isə kürd dövlətinin yaradılmasında maraqlıdır. ABŞ əvvəllər buna dəstək verirdi və Suriya kürdlərinə geniş yardım göstərirdi. Amma indi vəziyyət dəyişməkdədir. İndi sual budur: Türkiyə və onun müttəfiqi olan Əş-Şəra hökuməti bu vəziyyətdən hansı faydanı götürə biləcək? Bu proseslər davam edir. Danışıqlar gedir, diplomatiya işləyir. Eyni zamanda ziddiyyətlər də yenidən səhnəyə çıxır. Bu səbəbdən bölgədə çeviklik mühüm rol oynayır. Əgər hansısa qüvvə özünə qarşı neqativ təsirləri hiss edirsə, dərhal reaksiya verməli və həmin təsirləri neytrallaşdırmalıdır".


Qəmər Kazımzadə