İsrailin Qəzzanın şimalına hava hücumları nəticəsində azı 50 nəfər ölüb

Tarix: 21:29 14.05.2025
İsrailin Qəzzanın şimalındakı Cəbəliyyə şəhərinə və qaçqın düşərgəsinə gecə saatlarında endirdiyi hava zərbələri nəticəsində azı 50 nəfər həlak olub. İndoneziya xəstəxanasının məlumatına görə, ölənlər arasında 22 uşaq və 15 qadın da var.
İsrail ordusu hücumlara dair məlumatları araşdırdığını bildirsə də, yerli əhalinin daha əvvəl təxliyə olunması barədə xəbərdarlıq edildiyini qeyd edib.
BMT-nin humanitar məsələlər üzrə rəhbəri Təhlükəsizlik Şurasını Qəzzada soyqırımın qarşısını almağa çağırıb. O, həmçinin İsrailin 10 həftəlik blokadasını ləğv etməsini və humanitar yardımların özəlləşdirilmiş sistemlə paylanmasına qarşı çıxıb.
İsrailin BMT-dəki nümayəndəsi ittihamları "əsassız və utandırıcı" adlandırıb, yardımların Hamas tərəfindən sui-istifadə edildiyini bildirib.
Qəzzada humanitar böhran daha da dərinləşib – ərzaq, yanacaq çatışmazlığı səbəbilə BMT-yə bağlı çörək sexləri və yeməkxanaların əksəriyyəti bağlanıb. Əhalinin yarım milyonu aclıq təhlükəsi ilə üz-üzədir.
Mənbə: BBC News
Tərcümə etdi: Türkan Kərimli