Donald Trampla Əhməd əl-Şaraa arasında görüş keçirilib-Politoloqdan ŞƏRH

Tarix: 22:19 14.05.2025
“Anadolu” agentliyinin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və Əhməd əl-Şaraa onlayn görüş keçirib.
Mövzu ilə bağlı politoloq Müşfiq Abdulla “İnformator.az”a açıqlamasında qeyd edib ki, İsrailin Həması və Hizbullahı məğlub etməsi, Suriyada ötən ilin dekabrın 8-də Bəşər Əsəd rejiminin devrilməsi, İranın və Rusiyanın bu ölkədən çıxmasından sonra yaxın Şərqdə yeni geosiyasi konfiqurasiya formalaşıb:
“Yeni siyasi arxitekturanın mühüm məqamlarından biri Suriyada Türkiyənin dəstəyi ilə Əhməd əş-Şaraanın başçılıq etdiyi siyasi qüvvənin hakimiyyətə gəlməsidir. Bu, Türkiyənin və rəsmi Ankaranın bölgədə geosiyasi təsirinin artması ilə bağlıdır. Lakin Suriyanın gələcək taleyi ilə bağlı müzakirələr hələ yekunlaşmayıb. İsrail Suriyanın parçalanmasında əsas maraqlı tərəflərdən biri kimi çıxış edir. İran bölgədəki mövqeyini yenidən bərpa etməyə çalışır. Türkiyə isə Suriyanın ərazi bütövlüyünü qorumaq istəyir. Və bu bölgədə öz hərbi bazalarını yerləşdirməyib, özünün təsir dairəsini artırmağa cəhd edir. Lakin indiki şəraitdə ABŞ-nin mövqeyi həlledici rol oynayır. Çünki ABŞ-nin ortaya qoyacağı siyasi iradə Türkiyənin, İsrailin və digər dövlətlərin yaxın Şərqlə bağlı mövqeyinin müəyyənləşməsində aparıcı təsirə malik ola bilər. Bu baxımdan Trampın gözlənilmədən Əhməd əş-Şaraa ilə görüşməsi Suriyanın gələcək taleyinin formalaşması üçün vacib əhəmiyyətə malikdir. Trampın Əhməd əş-Şaraa ilə görüşməsi, vaxtilə Suriyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməsi və faktiki olaraq Suriyanın yeni hakimiyyətinə dəstək verməsi, yaxın Şərqdə yaranan yeni status-kvo qalmaqda davam edəcək. Bu da Türkiyənin maraqlarına uyğundur. Trampın bu görüşü İsrail rəhbərliyini o qədər də qane etməyəcək. İsrailin baş naziri Netanyahu ilə Tramp arasında ciddi fikir ayırılğına da səbəb ola bilər. Çünki Netanyahu birbaşa Suriyanın vurulmasında və ərazi iddialarının gerçəkləşməsində maraqlıdır. Bu yaxınlarda İsrail təyyarələri Suriya prezidentinin iqamətgahının yaxınlığına raket zərbələri endirib. Belə bir vəziyyətdə gözlənilmədən ABŞ prezidentinin Əhməd əş-Şaraaya dəstək verməsi onun hakimiyyətini möhkəmlədir. Eyni zamanda Suriyanın gələcək statusu ilə bağlı Qərbin aktiv dəstəyinin təmin olunmasına gətirib çıxaracaq. Həmçinin Avropa ölkələri və Avropa Birliyi də aktiv dəstək göstərəcək. Bunun nəticəsində böyük investisiya axını da Suriyanın bərpasına cəlb oluna bilər. Yeganə narazı qalan tərəf İsraildir. Amma İsrailin də gələcəkdə Amerikanın mövqeyi ilə razılaşacağı gözlənilir".
Politoloqun sözlərinə görə,ABŞ bu məsələdə Suriyanın qarşısına şərt qoyub:
"Suriya tərəfi İsrail ilə sülh münasibətlərinin qurulmasında maraqlı olmalıdır. Əhməd əş-Şaraa hakimiyyətə gəldiyi ilk günlərdə İsrail ilə münasibətlərin sülh platformasında həlinin tərəfdarı olduğunu bəyan edib. Lakin sonralar Suriyanın cənubunda Dürzilər yaşayan bölgəni İsrailə qatmaq, bufer zonadan 20 kilometr Şimala olan əraziləri zəbt etməklə prosesi pozdu. Trampın addımından sonra artıq Suriya hakimiyyətinin mövqeyi möhkəmlənir və bu görüş faktiki olaraq Suriyaya təhlükəsizlik zəmanəti verir. Bu, Suriyanın gələcəkdə ərazi bütövlüyünün qorunmasına böyük dəstək ola bilər. Bu prosesin baş tutmasında Türkiyə prezidenti aparıcı rol oynayıb, Ərdoğanın xidməti sayəsində görüş baş tutub. Və Ərdoğanın həmin görüşə onlayn şəkildə qatılması onu göstərir ki, Türkiyə və Trampın bu məsələdə mövqeyi üst-üstə düşür. Bu isə gələcəkdə Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasına şərait yaradacaq. Eyni zamanda Türkiyənin cənub sərhədlərində mövqeyini möhkəmlədəcək. PKK-nın özünü buraxması barədə qurultayın qərarından dərhal sonra belə bir hadisənin baş verməsi Türkiyə üçün böyük geosiyasi uğurdur, yeni status-kvonun Türkiyənin xeyirinə dəyişməsi deməkdir. Səudiyyə Ərəbistanı ilə Türkiyənin bu məsələdə mövqeləri üst-üstə düşür. Məlumdur ki, Ərəb dövlətləri Türkiyənin yaxın Şərqdə təsirinin artmasını qəbul etmirlər. Ona siyasi qısqanclıqla yanaşırlar. Səudiyyə Ərəbistanın Türkiyə ilə eyni mövqedən çıxması nisbi xarakter daşıyır. Bütün proses Suriya hökuməti və Türkiyənin xeyrinədir. Lakin İsrailin bundan sonrakı mövqeyinin nədən ibarət olacağı məlum deyil. İndiki zamanda Trampın Əhməd əş-Şaraaya dəstəy verməsini zəruri edən səbəblərdən biri İran faktoru ilə bağlıdır. Çünki, Əhməd əş-Şaraa Suriyanın indiki hakimiyyəti faktiki olaraq İranın yaxın Şərqə çıxışını bloklayıb, Suriya ərazisindən İsrailə qarşı təhlükənin qarşısını tam alıb. Bu ABŞ-ni qane edir. Bu səbəbdən ABŞ Suriyadan İsrailə qarşı təhlükənin qarşısını almağı xahiş edib. Bu proses belə də davam edəcək, prosesə istənilən dəstəyi verməyə hazır olacaq”.
Əminə Əliyeva