"Putinin danışıqlar təklifi ilk addımdır, lakin yetərli deyil"-Makron

Bölmə: Siyasət › ,
Tarix: 22:50 14.05.2025

 

Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinin Ukrayna ilə birbaşa danışıqlara dair təklifini qeyri-kafi hesab edib.

 

Mövzu ilə bağlı politoloq Aytən Qurbanova “İnformator.az”a açıqlamasında bildirib ki, Makronun bu bəyanatı bir çox ölkələrin, qismən də olsa, Avropa İttifaqının mövqeyi ilə üst-üstə düşür:

 

“Təbii ki, Avropa İttifaqı çərçivəsində üzv dövlətlər xarici siyasət konsepsiyasında müstəqil yanaşmalara malikdirlər. Amma ümumilikdə İttifaqın Rusiya-Ukrayna müharibəsi və sülh danışıqları ilə bağlı son bəyanatlarına əsaslansaq, ortaq bir mövqenin mövcud olduğunu görə bilərik. Danışıqların bərpası və 30 günlük atəşkəs müddəalarının qəbul edilərək qüvvəyə minməsi bu gün üçün Avropa İttifaqının əsas prioritet istiqaməti kimi qiymətləndirilir.

Təbii ki, danışıqlar prosesinin bərpası, gündəlik atəşkəsin davamlılığının təmin olunması və digər sualların cavablandırılması İstanbulda keçirilməsi planlaşdırılan görüşlərin nəticəsindən birbaşa asılı olacaq. İlkin mərhələdə təkliflərin irəli sürülməsi və bu təkliflərin qarşılıqlı şəkildə qəbul olunması, 30 günlük atəşkəsin uğurla həyata keçirilməsi və növbəti mərhələdə sülh danışıqlarının davam etdirilməsi baxımından olduqca vacibdir.

Lakin Rusiyanın mövqeyi Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı müddəaları özündə ehtiva etmədiyi və kifayət qədər radikal yanaşmalara sahib olduğu üçün düşünürəm ki, danışıqlar prosesinin ilkin mərhələdə uğurla nəticələnəcəyinə dair ciddi şübhələr mövcuddur".

 

Asiman Vəliyeva