İsrailin HHM sistemləri bir-birinə atəş açmağa məcbur edilib

Tarix: 11:04 16.06.2025
SEPAH İsrail ərazisinə raket zərbələrinin növbəti dalğası zamanı yeni üsullardan istifadə edərək İsrailin hava hücumundan müdafiə sistemlərini bir-birinə hücum etməyə məcbur edib.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatına istinadən "Tasnim" agentliyi məlumat yayıb.
“Bu əməliyyat zamanı kəşfiyyat və texniki sahələrdə yeni metod və imkanlardan istifadə sayəsində düşmən – İsrail rejiminin çoxpilləli komanda və idarəetmə sistemləri sıradan çıxarılıb və onlar bir-birinə hücum etməyə başlayıb”, - deyə bəyanatda bildirilir.
Bundan əlavə, SEPAH Negev bölgəsində yerləşən Navatim aviabazasına hücum etdiyini bəyan edib. İran mediasının məlumatına görə, Hayfada elektrik stansiyası və neft emalı zavoduna zərbələr endirilib. Partlayış səsləri Təl-Əvivin şərqində, Ben Qurion hava limanı ərazisində və Qüdsün qərbində eşidilib.
Səhər saatlarında İsrail xilasediciləri İran raketlərinin düşdüyü ərazilərdə dağıntılar altında qalanları axtarmağa başlayıblar. İsrail mediasının məlumatına görə, İranın son raket hücumları nəticəsində 4 nəfər həlak olub, 67 nəfər isə xəstəxanaya yerləşdirilib.
Eyni zamanda İsrail ordusu SEPAH-ın tərkibində olan "Qüds" qüvvələrinə məxsus İran ərazisindəki komanda mərkəzlərinə zərbələr endirdiyini bildirib.