Hindistan İsrailin İrana hücumlarını pisləyən ŞƏT-dən niyə uzaqlaşıb?

Tarix: 13:02 16.06.2025
Hindistan, Rusiya və Çinin başçılıq etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) İsrailin İrana qarşı hərbi əməliyyatlarını qınayan bəyanatına qoşulmayıb. Yeni Dehli bu addımı atarkən təşkilatın qalan üzvləri ilə tarazlıq saxlamağa çalışıb. Bu qərar Hindistanın regional və beynəlxalq siyasətdə öz maraqlarını qorumağa yönəlmiş məcburiyyətlərini ortaya qoyur.
İsrailin İran ərazisində hərbi və nüvə obyektlərinə zərbələri fonunda yaranan gərginlik artıq açıq hərbi qarşıdurmaya çevrilib. Son əməliyyatlarda İranın yaşayış və hərbi əraziləri hədəfə alınıb. Nəticədə azı 80 nəfər həlak olub. Həlak olanlar arasında nüvə alimləri, universitet professorları və SEPAH-ın yüksək rütbəli komandirləri də var.
İsrail daha sonra İranda neft emalı zavodlarına və enerji infrastrukturuna hücumlar təşkil edib. Cavab olaraq Tehran Təl-Əviv və Hayfa şəhərlərinə yüzlərlə raket və pilotsuz aparatla zərbələr endirib. Onlarla insan ölüb və yaralanıb. Bununla yanaşı, İran ABŞ ilə nüvə danışıqlarını dayandırıb.
Hazırda Çinin sədrlik etdiyi ŞƏT, gərginlikdən ciddi narahatlığını bildirib və İsrailin hərbi əməliyyatlarını qətiyyətlə qınayıb. Bəyanatda bu hücumların İranın suverenliyinə zidd olduğu və beynəlxalq hüququ pozduğu vurğulanıb. İran xalqına başsağlığı ifadə olunub.
Hindistan isə bu mövqeyə dəstək verməyib və müzakirələrdə iştirak etməyib. Bu, Hindistanın İsraillə yaxın iqtisadi və hərbi münasibətlərini, eləcə də Qərblə balanslı siyasətini nəzərə alaraq, öz mövqeyini qorumağa çalışdığını göstərir.
Al Jazeera
Qəmər Kazımzadə