BMT-dən İsrail-İran müharibəsinə dair çağırış: “Bu gərginlik yetər! Dayanmağın vaxtıdır”

Bölmə: Dünya › ,
Tarix: 17:41 17.06.2025

Birləşmiş Millətlər Təşkilatı (BMT), İsrail ilə İran arasında artan hərbi gərginlik fonunda bəyanat yayaraq tərəfləri qarşıdurmanı dayandırmağa və dialoq yolunu seçməyə çağırıb. Bəyanatda mülki əhalinin, regional sabitliyin və qlobal sülhün ciddi təhlükə altında olduğu vurğulanıb.


Bəyanat BMT-nin İran Nümayəndəliyi tərəfindən hazırlanıb və quruma məxsus X (əvvəlki adıyla Twitter) sosial media hesabında paylaşılıb. Açıqlamada xüsusilə artan hərbi gərginliyin mülki əhali üzərində dağıdıcı təsirinə və beynəlxalq təhlükəsizliyə yaratdığı təhdidlərə diqqət çəkilərək belə deyilir: “Artan hərbi gərginlik mülki şəxslər, regional sabitlik və qlobal sülh üçün ciddi risklər yaradır”.


İsrailin nüvə obyektlərinə hücumları


BMT-nin bəyanatında İsrailin İranda yerləşən nüvə obyektlərini hədəf alan hücumlarının qəbuledilməz olduğu bildirilib. Bu cür hücumların beynəlxalq hüququn açıq şəkildə pozulması olduğu qeyd olunub.


Həmçinin vurğulanıb ki, problemlər yalnız diplomatiya və dialoq yolu ilə həll oluna bilər. Bəyanatda BMT Baş katibi Antoniu Quterreşin mesajına da yer verilib:


“Bu gərginlik artıq yetər! Dayanmağın vaxtıdır”.


A HABER
Solmaz Muradova