Trampdan İran rejiminə sərt mesaj: “Şərtsiz təslim!”

Tarix: 22:00 17.06.2025
ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Ayətullah Əli Xamneyiyə qarşı sərt bəyanatla çıxış edib. O, X platformasında (keçmiş Twitter) paylaşdığı mesajda bildirib ki, “biz Xamneyini öldürmək niyyətində deyilik – ən azı indilik". Tramp əlavə edib: “Biz onun harada olduğunu bilirik. O, asan hədəfdir, amma hazırda orada təhlükəsizdir".
Bununla belə, ABŞ lideri səbrin tükəndiyini vurğulayaraq rejimə ciddi xəbərdarlıq göndərib: “ŞƏRTSİZ TƏSLİM!”
Trampın bu bəyanatı İranla İsrail arasında beş gündür davam edən qarşılıqlı hücumların fonunda səsləndirilib. İki ölkə arasında hərbi toqquşmalar səngimək bilmir, raket və dron hücumları intensiv şəkildə davam edir.
Böhran dərinləşdikcə, Tehranda sosial narahatlıq artır. Minlərlə iranlı şəhəri tərk etməyə çalışır, lakin logistika və təhlükəsizlik səbəbilə bunun çətin olduğunu deyənlər də az deyil.
Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti C.D. Vance daha əvvəl bəyan etmişdi ki, Prezident Tramp İranın nüvə proqramını dayandırmaq üçün əlavə tədbirlər görmək qərarı verə bilər.
Mənbə: BBC
Türkan Kərimli