Güclü Qadın-Kapitalizmin Vitrinindən Gerçəkliyə

Bölmə: Sosial › ,
Tarix: 23:41 17.06.2025


Müasir dövrdə “güclü qadın” anlayışı çox vaxt parlaq vitrinlərdə formalaşır – bahalı markaların geyimləri, dəbdəbəli həyat tərzi, minimalist dizaynlı ofislər və sosial mediada nümayiş etdirilən “uğur” hekayələri ilə. Cəmiyyətə bu model nümunə kimi təqdim olunur: guya güclü qadın olmaq üçün gözəl görünmək, bahalı məhsullar istifadə etmək və daim uğurlu görünmək lazımdır.Lakin bu təqdimatın arxasında diqqətdən yayınan əsas bir həqiqət var: bu obrazın arxasında istehlak mərkəzli bir sistem – kapitalizm dayanır.

Kapitalist yanaşma qadın gücünü şəxsi inkişafdan çox maddi göstəricilərlə ölçür. Geyindiyi markalar, istifadə etdiyi kosmetika, getdiyi məkanlar, paylaşdığı postlar – bunlar sanki bir qadının “nə qədər güclü” olduğunu göstərən göstəricilərə çevrilib. Nəticədə isə qadınların gerçək daxili gücü – əzmi, dünyagörüşü, dəyərlərə sadiqliyi – arxa plana keçir.

 

Tarix Boyu Güclü Qadınlar Kim İdi?


"Güclü qadın" ifadəsi bizim üçün yeni deyil. Tarix boyu bir çox qadın gücləri və təsirləri ilə yadda qalıb. Onların gücü yalnız fiziki və ya siyasi deyil, həm də ağıl, iradə, liderlik və dəyişiklik yaratmaq bacarığı ilə ölçülürdü.

 

 

Məsələn:Tomris Xatun – oğlunun ölümündən sonra imperiya uğrunda döyüşə qalxan sakalardan olan hökmdar.
Kleopatra – Misirin sonuncu kraliçası, siyasi zəkası ilə Roma liderlərini idarə edən qadın.Roxolana (Hürrəm Sultan) – Osmanlı sarayında təsiri saray sərhədlərini aşan qadın.


I Yelizaveta – İngiltərənin “Qızıl dövr”ünü yaradan kraliça.
Və əlbəttə, Juanna d’Ark – cəmi 15 yaşında Fransa kralına yaxınlaşıb, "səslər eşitdiyini" və Fransanı azad edə biləcəyini söyləyən bir qız. Təsəvvür edin: o, bu sözləri deyəndə əlində Starbucks kofesi yox idi, brend geyimləri yox idi, sosial mediada "motivational" paylaşımları yox idi – amma o, tarixə adını yazdı. Bu, təkcə inamın və əqidənin gücüdür.



Müasir Güclü Qadın: Marketinqin Oyuncağımı?


Bugünkü "güclü qadın" obrazı çox vaxt kommersiyalaşdırılır. Moda, kosmetika və sosial media vasitəsilə qadınlara müəyyən bir model təqdim edilir. Bu model qadının daxili gücünü yox, xarici görünüşünü və istehlak etdiyi məhsulları ön plana çəkir. Kapitalist sistem qadınlara deyir: bu məhsulu al – daha güclü olacaqsan. Bu krem, bu çanta, bu seminar... Hər biri, sanki “uğurun sirri” kimi satılır.


O zaman belə bir sual meydana çıxır: brend geyim almayan, məşhur bir kafedə notebook qarşısında oturmayan qadınlar gücsüzdürmü? Əlbəttə ki, yox. Amma sistem onları görünməz edir – çünki onların üzərindən pul qazanmaq çətindir.



Gerçək Güc Nədədir?


Əsl güclü qadın – gündəlik həyatda qarşılaşdığı çətinliklərə sinə gərə biləndir. Gözlə görünməyən, amma həyatın əsas dayaqlarını daşıyan qadınlardır bunlar. Onlar öz dəyərlərinə sadiq qalır, ailə, iş, cəmiyyət qarşısında məsuliyyət daşıyır və dəyişiklik yaratmaq gücünə sahibdirlər.


Məsələ ilə bağlı psixoloq Şahnaz Sultanovanının da fikrini öyrəndik:


"Bugünkü sosial mediada uğurlu qadın obrazı çox vaxt parlaq və yorucu bir qəlibə salınır daim məhsuldar, baxımlı, motivasiyalı və ‘mükəmməl’. Bu isə real qadın təcrübələrini görünməz edir. Qadınlar sosial şərtlərə, yorğunluğa, həyatın axarına görə bu qəlibə uyğun gəlmədikdə, özlərini qeyri-kafi və dəyərsiz hiss edə bilirlər. Halbuki güc – hər zaman görünən və göstərilən deyil. Bəzən sakit qalmaq, davam etmək, gündəlik çətinliklərin içində öz mərkəzini qorumaq da gücdür. Məncə, qadın olaraq dəyərimiz sosial medianın yaratdığı obrazla deyil, öz həyatımızdakı səmimiyyət və dayanıqlıqla ölçülməlidir."


Bugünkü dünyada güclü qadın olmaq – yalnız brend geyinmək, uğur hekayələri paylaşmaq və reklam edilən məhsulları istifadə etməklə ölçülməməlidir. Gerçək güc səssiz ola bilər, gizli qala bilər, amma o, öz təsirini mütləq göstərir. Bəzən ən böyük güc – sadə yaşamaq, səmimi qalmaq və sistemin bizə təklif etdiyi süni rollara uymamaqdır.

 

Cənnət Şamilqızı