“ABŞ və Britaniya hücum edərsə, İran cavab verəcək”-Əl-Fərəh

Bölmə: Siyasət › ,
Tarix: 22:06 17.06.2025

Əl-Fərəhin son açıqlaması bölgədəki gərginliyin daha da artacağından xəbər verir. O, ABŞ və Böyük Britaniyanın İrana qarşı birbaşa hərbi müdaxilə edəcəyi təqdirdə, İranın və onun müttəfiqlərinin cavab verəcəyini bildirib. Bu bəyanat, bölgədə yeni bir qarşıdurma ehtimalını gündəmə gətirir.

 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, belə bəyanatlar, ümumilikdə, siyasi və qlobal proseslərə ciddi təsir göstərmək gücündə deyil:

 

"Nəzərə alsaq ki, İranın proksi qüvvələri və onların rəhbərləri zaman-zaman bu cür iddialı açıqlamalar veriblər, lakin onların bu bəyanatları və təsir imkanları proseslərə real dəyişiklik gətirməyib. İsrail-İran arasındakı bu qarşıdurmada ABŞ və Böyük Britaniyanın prosesə qoşulma ehtimalı kifayət qədər yüksəkdir. Xüsusilə, dünən G7 ölkələrinin toplantısında verilən bəyanatda İsrailin özünü müdafiə hüququnun dəstəklənməsi ilə yanaşı, İranın terrora dəstək verən ölkə kimi vurğulanması göstərir ki, İsrail bu məsələdə beynəlxalq dəstək alacaq. Birləşmiş Ştatlar da bu gün savaşın gedişi ilə bağlı müəyyən qərarlar verə bilər".

 

Ekspert həmçinin bunu da bildirib ki, hələlik ölkələrin rəsmi qərarı yoxdur:

 

"Rəsmi açıqlamalara diqqət etsək görərik ki, İranda aparılan bu əməliyyatlar ABŞ tərəfindən də məmnunluqla qarşılanır və İranı cəzalandırmaq məqsədilə növbəti zərbələrin endirilməsi ehtimalı da nəzərdən keçirilir. Qeyd etdiyim kimi, İranın proksi qüvvələrinin qlobal proseslərə ciddi təsir göstərəcəyini düşünmürəm. ABŞ-nin bu prosesə müdaxiləsi, təbii ki, savaşın miqyasını genişləndirə bilər. Lakin burada qeyd etmək lazımdır ki, hələlik bu ölkələrin rəsmi qərarı yoxdur, sadəcə ehtimallar səsləndirilir. Əgər savaşın miqyası genişlənərsə, Hörmüz boğazında müəyyən problemlər yarana bilər. Bu isə beynəlxalq iqtisadiyyat, ticarət və enerji təhlükəsizliyi baxımından ciddi nəticələrə gətirib çıxara bilər.

İran və onun müttəfiqlərinin sərt cavab verəcəklərinə dair bəyanatlara gəldikdə isə, təbii ki, İran da öz müdafiə hüququndan istifadə etməyə çalışır. Amma ümumi mənzərəyə baxdıqda hesab etmək olar ki, hazırda qarşı-qarşıya duran tərəflərin güc balansı təxminən bərabərdir".

 

Gülhüseynova Güllər