Aİ Avropada Rusiya enerji resursları dövrünə birfədəlik son qoymaq üçün tədbirlər görüb-Fon der Lyayen

Bölmə: Dünya › ,
Tarix: 19:25 17.06.2025

Bu gün Strasburqda avropalı qanunvericilərə 2027-ci ilə qədər Avropa İttifaqına Rusiya qazı və neftinin idxalından tam imtinanı nəzərdə tutan "yol xəritəsi" təqdim edilib.

 

"İnformator.az"ın məlumatına görə, Aİ-nin enerji məsələləri üzrə komissarı Dan Yorgensenin təqdim etdiyi qanunvericilik təklifinə əsasən, Aİ Rusiyadan enerji daşıyıcılarının idxalından "mərhələli və səmərəli" şəkildə imtina edəcək və onlardan asılılığa son qoyacaq.

 

Avropa Komissiyasının fikrincə, bu qərar bazar və iqtisadi riskləri aradan qaldıracaq və nəticədə Aİ-nin enerji müstəqilliyini və rəqabət qabiliyyətini gücləndirəcək.

 

"Rusiya dəfələrlə enerji resurslarından silah kimi istifadə edərək bizi şantaj etməyə çalışıb. Biz Avropada Rusiyanın qalıq yanacaq növləri dövrünə birdəfəlik son qoymaq üçün konkret addımlar atmışıq", - məlumatda Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin sözləri sitat gətirilib.

 

Bu addım ötən ay REPowerEU planının təsdiqlənməsindən sonra atılıb. Sənəddə Rusiya qazının idxalından həmrəylik ruhunda, koordinasiyalı şəkildə mərhələli imtinanı nəzərdə tutan Ümumavropa planı, eyni zamanda təmiz enerji keçidinə doğru irəliləyiş öz əksini tapıb.

 

"Bu, dünya qaz bazarında kifayət qədər alternativ təchizatçıların olması, Aİ-nin qaz bazarının yaxşı əlaqələndirilməsi və kifayət qədər idxal infrastrukturunun mövcudluğu sayəsində mümkün olacaq", - təkliflərdə qeyd edilib.

 

Təklif olunan qaydalara əsasən, Rusiya mənşəli və ya Rusiyadan birbaşa və ya dolayı yolla ixrac edilən boru kəməri və mayeləşdirilmiş təbii qazdan (LNG) mərhələli imtina, həmçinin 2027-ci ilin sonuna qədər Rusiya neftinin idxalının tam dayandırılmasına kömək etmək üçün tədbirlər nəzərdə tutulur.

 

Layihə çərçivəsində Rusiya qazının yeni müqavilələr çərçivəsində idxalının 2026-cı il yanvarın 1-dən qadağan ediləcəyi nəzərdə tutulur. Dənizə çıxışı olmayan ölkələrə tədarük edilən boru kəməri qazı istisna olmaqla mövcud qısamüddətli müqavilələr üzrə idxal 2026-cı il iyunun 17-dək, uzunmüddətli müqavilələr üzrə idxal isə 2027-ci ilin sonuna qədər dayandırılacaq.

 

Sənədə əsasən, Rusiyadan olan və ya Rusiya müəssisələrinin nəzarət etdiyi müştərilər üçün LNG terminallarının xidmətləri üzrə müqavilələr də qadağan ediləcək.


Təklif olunan qaydaları Avropa Parlamenti və Aİ Şurası qəbul etməlidir. Bunun üçün Aİ Şurasında ixtisaslaşdırılmış əksəriyyət tələb olunacaq. Daha əvvəl Macarıstan və Slovakiya bu təkliflərə qarşı çıxıb.