Nigeriyada kəndə hücum: Onlarla ölü və minlərlə köçkün

Tarix: 21:26 17.06.2025
Nigeriyanın mərkəzi hissəsində yerləşən Benue ştatında baş verən silahlı hücum nəticəsində onlarla insan həyatını itirib, yüzlərlə insan isə köçkün vəziyyətinə düşüb.
Cümə günü gecə saatlarında silahlı şəxslər Yelwata kəndinə hücum ediblər. Hücumdan sonra kəndə qayıdan sakin Fidelis Adidi həyat yoldaşı və dörd övladının cansız bədənini tapıb. Onun ikinci həyat yoldaşı və digər övladı isə ağır yaralanıb.
Amnesty International təşkilatının məlumatına görə, hücum nəticəsində təxminən 100 nəfər həlak olub. Ərazidə yandırılmış insan cəsədləri, zərər çəkmiş ərzaq ehtiyatları və kənd təsərrüfatı alətləri aşkarlanıb.
Nigeriyanın "Orta Kəmər" adlanan bu bölgəsində fermerlərlə mal-qara saxlayanlar arasında torpaq və resurs üstündə tez-tez baş verən münaqişələr etnik və dini amillərlə də qızışır. Yerli hakimiyyət orqanları bu uzunmüddətli problemləri aradan qaldırmaq üçün səylərini davam etdirir.
Prezident Bola Tinubu hadisəni "depressiv" adlandırıb və çərşənbə günü Benue ştatına səfər etməyi planlaşdırır. Bu, onun vəzifəyə başladıqdan sonra bölgəyə ilk səfəri olacaq. Nigeriya Milli Fövqəladə Hallar Agentliyinin verdiyi məlumata əsasən, hücum nəticəsində təxminən 3,000 nəfər evlərini tərk etməyə məcbur olub və hazırda yardım alırlar.
Hücum zamanı ştatın paytaxtı Markudi şəhərinə sığınan bazar satıcısı Talatu Agauta geri qayıtdıqda düyü ehtiyatlarının məhv olduğunu görüb. Bütün çətinliklərə baxmayaraq, o, yaşadığı icmədə qalmaqda qərarlıdır.
ANEWZ
Gülhüseynova Güllər