Axşamüstü yuxusu- istirahət, yoxsa səssiz təhlükə?

Bölmə: Sosial › ,
Tarix: 20:47 20.06.2025

 

Gün ərzində yorulan insanlar bəzən yuxunu gecəyə saxlamır, bir çoxu axşamüstü dincəlmək üçün başını yastığa qoyur. İşdən və ya məktəbdən qayıdanlar, bəzən bir qədər mürgü ilə enerjilərini bərpa etməyə çalışırlar. 

 

Mövzu ilə bağlı nevroloq Gülnarə Rüstəmzadə “İnformator.az”a açıqlamasında bildirib ki, uzun müddət mürgüləmək yorğunluq, başgicəllənmə kimi hallara səbəb olur:

 

“Axşam saatlarında, xüsusilə 17:00-dan sonra və ya 30 dəqiqədən çox davam edən yuxu gecə yuxusuna mənfi təsir göstərə bilər. Belə hallarda pasiyentlər çox zaman gec yatmaqda çətinlik çəkdiklərini, tez-tez oyanma və ümumi yuxusuzluq yaşadıqlarını bildirirlər. Uzun müddət mürgülədikdən sonra bir çox insan oyanarkən özünü tam ayıq hiss etmir. Bəzi hallarda başgicəllənmə, diqqətsizlik, yorğunluq və sanki “ayılmamış” vəziyyət müşahidə olunur. Bu, tibdə “yuxu inersiyası” adlanır və insanın gün ərzindəki məhsuldarlığına təsir edə bilər. Yaşlı pasiyentlərdə uzun və tez-tez təkrarlanan gündüz yuxuları yaddaş pozuntuları, diqqət dağınıqlığı və konsentrasiya zəifliyi ilə müşayiət oluna bilər. Bu isə artıq beyində yuxu mexanizmlərinin pozulduğunu göstərə bilər. Həmçinin qeyd edim ki, axşamüstü yuxuya davamlı ehtiyac duyan insanlarda, bəzi hallarda bu hal depressiv pozuntuların və ya narahatlıq hallarının bir əlaməti kimi də qiymətləndirilə bilər. Daxili bioloji ritm, yəni bədənin saat sistemi pozulduqda hormon balansı da dəyişə bilir ki, bu da ümumi sağlamlığa təsirsiz ötüşmür. Əgər gündüz yatmaq ehtiyacı yaranırsa, bu yuxunun müddəti 20–30 dəqiqədən artıq olmamalıdır. Gecə yuxusunun keyfiyyətini qorumaq üçün müntəzəm yuxu rejiminə əməl etmək, axşam saatlarında kofeindən uzaq durmaq və aktiv həyat tərzi çox önəmlidir. Yuxu ilə bağlı problemlər davamlı olarsa, həkimə müraciət etmək tövsiyə olunur”.

 

Lalə Qurbanlı