Suyun üzərində rəqs-Ebru sənətinin sirləri

Tarix: 11:19 27.06.2025
Ebru, əsrlər boyu formalaşaraq bu günümüzə qədər gəlmiş qədim və zərif bir sənət növüdür. Suyun üzərində rənglərlə yaradılan naxışların kağıza köçürülməsi bu sənəti texniki incəliklərlə yanaşı, mənəvi dərinliyi ilə də fərqləndirir. Bu sənət səbir, diqqət və daxili tarazlıq tələb edən yaradıcı bir prosesdir. Ebru, sadəcə bir bədii ifadə vasitəsi deyil, həm də ruhun sakitliyini əks etdirən bir ənənədir. Əsrlərdir qorunub saxlanılan bu sənət, bu gün də bir çox sənətkar tərəfindən yaşadılmaqda və yeni nəsillərə ötürülməkdədir. Onun hər bir əsəri təkrarsızdır və yaradıldığı anın ruhunu özündə daşıyır.
Bu mövzu ilə bağlı açıqlamasında Ebru sənətkarı Diləzbər Cəbrayılova "İnformator.az"a bildirib ki, mənim üçün ebru sənəti həm texniki biliklərə əsaslanan incəlikli bir sənət, həm də insanın ruhuna toxunan sakitləşdirici bir yoldur:
"Öz dərslərimi də bu balans üzərində qururam. İştirakçılar müraciət edərkən onların ehtiyaclarına diqqət yetirirəm. Sənətin dərinliklərini, klassik formalarını öyrənmək istəyənlər üçün texniki biliklərə əsaslanan dərs proqramı tərtib edirəm. Amma gündəlik həyatın sıxıntılarından, daxili gərginlikdən azad olmaq üçün gələnlərlə daha meditativ və axıcı proseslərə yer verirəm. Hər iki yanaşmada da əsas məqsəd suyun üzərindəki hər toxunuşun içimizdəki bir qatla bağlanmasıdır. Texnika və mənəviyyat bir-birini tamamlayan iki sütundur — biri olmadan digəri natamamdır.
Ebru sənəti bu gün artıq yalnız ənənəvi çərçivələrdə deyil, fərqli formalarda və məqsədlərlə də tətbiq olunur. Mən öz təcrübəmdə görürəm ki, insanlar ebruya bəzən bir sənət kimi, bəzən isə bir terapiya vasitəsi kimi yaxınlaşırlar. Bu, ebrunun müasir dövrdə nə qədər çoxfunksiyalı hala gəldiyini göstərir. Gələcəkdə bu sənətin inkişafı üçün fərqli sahələrlə – dizayn, təhsil, rəqəmsal media – inteqrasiyası vacibdir. Amma bu inkişaf prosesi sırasında onun mənəvi kökləri – səbir, diqqət və daxili sükunət – unudulmamalıdır. Mənim məqsədim bu tarazlığı qoruyaraq, həm sənəti yaşatmaq, həm də onunla ruhlara toxunmaqdır".
Xəlilli Nigar