SSRİ-nin BİRİNCİ LEDİSİ

Tarix: 16:22 27.06.2025
Təəssüf, çox təəssüf ki, onu nə vəzifə, nə də ad-san xoşbəxt edə bildi.
Həmişəki kimi yenə bu fikirdəyəm ki, qadını nə vəzifə, nə bahalı daş-qaş, geyim-kecim, nə də böyük, yaraşıqlı imarətlər xoşbəxt edə bilər. Qadın o zaman xoşbəxt olur ki, onun gözəl ailəsi olur.
Bir ömür ona sadiq qalan, çətin günündə arxasında duran, qayğısına qalan, arzularını çin edən ömür-gün yoldaşı, sağlamlığı, ağılı-kamalı, ədəbi-ərkanı, savadı ilə fəxr edəcək övladları var. Bir sözlə qadın kimliyindən asılı olmayaraq hər zaman ailəsində üzü gülərsə, qəlbi rahatlanarsa o xoşbəxtdir... Alman mütəfəkkiri Höte demiş “dünyada ən xoşbəxt insan istər kral olsun, istər kəndli- evində rahat olandır”.
70-il bütün SSRİ məkanında hamımız Sovet dövlətinin banisi Vladimir İliç Leninin ömür-gün yoldaşı Nadejda Krupskayanı (SSRİ-nin birinci ledisi) xoşbəxtlərin, xoşbəxti sanmışıq. Sən demə “xoşbəxt zənn etdiyimiz adamların çoxu, əslində, bədbəxtdir”. “Qadın gözəlliyindən məhrum olan” Nadejda da ömrü boyu ər nəvazişinə, körpə qığıltısına həsrət qalan bədbəxt bir qadın imiş. Onu nə Leninin yüksək vəzifəsi, nə də qapılarını üzünə tayba-tay açan Kremil xoşbəxt edə bilmədi. Amma sözsüz ki, o da bütün qadınlar kimi xoşbəxt olmaq arzusunda idi və bu arzuilə də ailə həyatı qurub. O zaman Lenin nə yüksək vəzifə, nə də var-dövlət sahibi (sadəcə qardaşı Aleksandırın qisasını çar ailəsindən almağa can atan bir gənc) idi. (Leninin böyük qardaşı Aleksandır Ulyanov çar III Aleksandra qarşı sui-qəsddə günahlandırıldığı üçün 1887-ci ildə amansızcasına edam edilib. A.Ulyanov bu zaman Peterburuq Universitetində oxuyurdu).
Əvvala onu qeyd edim ki, yazılan məktublar, xatirələr və bir çox faktlar sübut edir ki, V.İ.Lenin ömür-gün yoldaşı Nadejdanın saf məhəbbətinə sadiq qalmayıb. Nəyin ki Nadejdadan əvvəl, hətta ailə qurandan sonra da taleyində bir çox qadınlar olub. Nadejda isə Leninin təkcə ömür yoldaşı yox, həm də köməkçisi, silahdaşı olaraq sona kimi ona və amallarına sadiq qalıb. Görünür “sevən qadının fədakarlığı ölçüyə gəlmir” fikrini fransız yazarı Dode boşuna söyləməyib.
70 il milyonlarla qadının pərəstiş etdiyi, xoşbəxt, bəxtəvər sandığı Nadejda Krupskaya kim idi? Krupskaya Nadejda Konstantinovna (Ulyanova) 1869-cu ildə Peterburuqda zabit ailəsində dünyaya gəlib. 14 yaşında atasını itirən Nadejda təhsilini yarımçıq qoyaraq anası ilə müxtəlif yerlərdə işləməyə məcbur olub. Ailənin vəziyyəti bir az yaxşılaşdıqdan sonra Nadejda yenidən Ali Qadın kursları məktəbinə qayıdıb və 1886-cı ildə təhsilini başa vurub. Bir müddət iş tapa bilməyən Nadejda 1891-ci ildə Peterburuqda axşam məktəbində dərs deməyə başlasa da, vaxtının çoxunu siyasi dərnəklərdə keçirib. 1890-cı ildən marksist tələbə dərnəyinin üzvü olan Nadejda,1898-ci ildə partiya sıralarına qəbul olur və 1894-cü ildə elə dərnəklərin birində V.İ.Leninlə görüşüb. Bu zaman Lenin Nadejdanın ən yaxın rəfiqəsi Appolinariya Yakubovanı “sevsə”də, 1898-ci ildə Nadejda ilə evlənib. Bu evlilik hər ikisi inqilabi fəaliyyətinə görə Sibirə sürgün edildiyi üçün orada baş tutub. Xatirələrdən belə aydın olur ki, Nadejdanı “ilk gündən Leninin ailəsi, xüsusən də bacısı Anna qəbul etməyib. Hər vəclə onu Leninin gözündən salmağa, bu izdivacın pozulmağına çalışsalar da, nail ola bilmirlər”. Çünki Lenindən fərqli olaraq Nadejda onu həqiqətən sevirdi...
V.İ.Lenin isə ailə qurduqdan sonra da “sevgi məcara”larını yaşayırdı. 1909-cı ildə Parisdə İnessa Armandla “tanış” olur və tanışlıq on ilə yaxın çəkir. Hətta Armandla aralarındakı münasibət o dərəcəyə gəlib çatır ki, Nadejda ayrılmaq qərarına gəlir. Bu zaman Armandın yenidən Parisə qayıtması və qəfl vəfat etməsi Nadejdanı ayrılmaq fikrindən yayındırır. Əslində Armand da Leninlə eyni yolun “yolçusu” idi. Leninlə tanışlığa qədər bir çox “sevgi məcara”ları yaşayıb. “İki dəfə qanunu ərdə olan Armand birinci dəfə Moskvanın Tekstil maqnatının oğlu Aleksandır Armadla ailə qurur. 4 şikəst övladları olan Armand ərinə qaynı Vladimrlə xəyanət edir və ərindən boşanaraq ona ərə gedir. Bir uşaqları olur, Vladimir qəfil ölür”. Armand bundan sonra Lenini “tapır”.
Bütün bunlar Nadejdanın gözləri qarşısında baş versə də o, Leninlə ailə həyatını qoruyub saxlamağa çalışaraq hər işdə ona dəstək olub. Məqalələrini redaktə edib, çıxışlarını yazıb, əsərlərini çapa hazırlayıb və ərinin qayğısına qalıb. Moskvada inqilab qələbə çalana kimi onlar sürgün, həbs və mühacir həyatını da qoşa yaşayıblar.
Sənədlərdən aydın olur ki, N.Krupskaya bazedov xəstəsi olduğu üçün ana ola bilməyib. “Bazedov xəstəliyi geniş yayılan endokrin xəstəliklərdən olub, qalxanabənzər vəzinin hiperfunksiyası nəticəsində sekresiyası artan tiroksinin və triyodtironinin orqanizmə göstərdiyi toksik təsirlə əlaqədardır. Xəstəliyə çox vaxt psixi travmalar, həmçinin infeksiyalar, hipofizin ön payında tireotrop hormonun sekresiyasının artması səbəb olur. Ən çox 20-50-yaşlarında, xüsusən qadınlarda təsadüf edilir”.
Qarşımda 1920-30-cu illərdə ölkəmizdə çap olunan “Kommunist”, “Şərq qadını”, “Ədəbiyyat” mətbu orqanlarının bir neçə sayı var. O sayları ki, orada Nadejda Krupskaya haqqında saysız-hesabsız məqalələr (əslində mədhiələr) çap olunub. (Bu mədhiələrdən belə bəlli olur ki, Nadejda dünyaya gəlməsəydi və Leninlə ailə qurmasaydı SSRİ məkanında yaşayan bütün qadınlar bədbəxt olardılar!!! Maraqlıdır ömrü boyu xoşbəxtliyə möhtac olan bir qadın başqalarını necə xoşbəxt edə bilərdi ki?). “Məqalə”lərdə Pedaqoji elmlər doktoru, SSRİ EA fəxri üzvü, SSRİ Ali Sovetinin deputatı, Rəyasət Heyətinin üzvü, Lenin və Qırmızı Əmək Bayrağı ordenlərinin təltifçisi və s. daha nələrə sahib olan “xoşbəxt”, “bəxtəvər” Nadejda Krupskayadan bəhs edilir. Amma təəssüf, çox təəssüf ki, bunlar Nadejdanı xoşbəxt edə bilmədi. O, bir ömür xoşbəxt ailə arzusunda, qayğıkeş ər nəvazişinə, körpə səsinə həsrət qalaraq 1939-cu ildə ömrünü başa vurdu.
Əməkdar jurnalist Qərənfil Dünyaminqızı