İsrail təyyarələri Suriyanın şimal-qərbindəki hərbi hədəflərə hücum edib.-Al Mayadeen

Tarix: 17:35 17.07.2025
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr bu gün səhər tezdən Suriyanın şimal-qərbində hökumətin hərbi bazalarına zərbələr endirib.
Məsələ ilə bağlı politoloq Sədrəddin Soltan “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail hökuməti druzların hüquqlarının müdafiəçisi kimi çıxış edir:
“Bununla da İsrail Suriya ilə gələcək danışıqlarda üstünlük qazanmağa çalışır. Çünki Suriyada yeni hakimiyyət, Əhməd Əş-Şaara hakimiyyəti, İsraillə münasibətləri normallaşdırmaq istədiklərini bildirdilər. İsrail hakimiyyəti isə druzların haqları ilə bağlı məsələni ön plana çəkməklə Colan təpələrinin taleyinin müzakirəsini unutdurmağa, yaxud onun güzəştə gedilməsini istəyir. İsrail hökuməti bu hücumlarda sübut edir ki, hərbi-texniki və kəşfiyyat baxımından daha dəqiq işləyə bilir. Çünki Suriya qərargahlarının dəqiqliklə vurulması, həmçinin də druzların yaşadığı əyalətlərdə Suriya qoşunlarına dair mövqelərinin tutulması məqsədilə hərbi-texniki baxımdan yüksək səviyyənin göstəricisi sayılır.
İsraillə Suriya arasında gərginlik dünya ölkələrinin İsrailə münasibətinə xələl gətirə bilər. Ərəb ölkələri tərəfindən İsrailin tanınmasında müəyyən problemlər yarana bilər. İsrailin müəyyən mənada etibarını zədələyə bilər".
Çimnaz Telmanqızı