"Suriya ordusu döyüşməyə tam hazırdır"

Tarix: 21:32 17.07.2025
Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa bəyan edib ki, ölkə ordusu döyüşməyə tam hazırdır və xalq müharibədən qorxmur. Bu açıqlama İsrailin Dəməşqə endirdiyi hava zərbələrindən sonra səsləndirilib. Hadisə nəticəsində azı 13 nəfər yaralanıb.
Mövzu ilə bağlı politoloq Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, gözlənildiyi kimi, Suriyanın yeni hakimiyyəti ilə İsrailin münasibətləri hələ də gərgin olmaqda davam edir:
"Bu da yeni Suriya hakimiyyətinin ölkənin suverenliyini güzəştə getməmək istəyinə bağlıdır. Eyni zamanda, İsrailin də müəyyən əraziləri genişləndirmək iddiasının birbaşa nəticəsidir. Bu həm də İsrailin Suriyanın daxili işlərinə müdaxiləsi deməkdir. Çünki İsrail hələ 1967-ci ildən işğal etdiyi Qolan təpələrini nəinki öz əlində saxlayır, hətta həmin ərazini bir az da genişləndirməyə cəhd göstərir. Eyni zamanda, sırf Suriyanın daxili işi olan druzlarla Suriyanın əsas əhalisinin qarşıdurmalarına da müdaxilə edir. Druzların himayədarı kimi çıxış edir. İsrailin Suriyada druzlara dəstəyi gələcəkdə də gücləndirmək və daim druzlarla Suriya hakimiyyətinin arasında "konflikt ocağı" formalaşdırmağa çalışdığını gözləmək olar. Belə şəraitdə Suriyanın yeni Prezidentinin müəyyən qədər hədələyici və müəyyən qədər də cəmiyyəti toparlayıcı bəyanatı tamamilə təbii səslənir. Suriyanın yeni hakimiyyətinin Türkiyə ilə yaxşı münasibətlərdə olması da İsraili bu hakimiyyətə müəyyən təzyiq xarakterli addımlara sövq edir. Ancaq, əlbəttə, "bıçaq sümüyə dirənəndə" Suriya ordusunun yenidən döyüş qabiliyyəti özünü göstərə bilər. Hələlik Suriya cəmiyyətinin bu müharibəyə mütəşəkkil qaydada qoşulacağını söyləmək çətindir. Çünki Suriya xalqı hələ tam şəkildə oturaq həyata keçməyib, böyük bir hissəsi hələ də qaçqınçılıqda yaşayır. Amma Bəşər Əsəd hakimiyyətini devirmiş və Şaraanın tabeliyində olan Suriya ordusu hər zaman döyüş qabiliyyətini yenidən bərpa edə və yenidən döyüşə girə bilər. Konkret olaraq, onu deyim ki, İsrailin təcavüz hərəkətləri dayanmayacağı təqdirdə Suriya buna lazımi reaksiyaları verə bilər. Bu da Suriya ilə İsrailin arasında yeni bir müharibəyə çevirilə bilər. Nəzərə alaq ki, Suriya hakimiyyəti tək deyil, Türkiyə hakimiyyəti ilə birlikdədir. Ona görə də İsrail mümkün qədər məsuliyyətlə yanaşmalıdır. Hadisələrin yeni İsrail–Suriya müharibəsinə çevrilməsinin qarşısını almaq üçün bu gün daha çox şey İsraildən asılıdır. Amma ən son anda, əlbəttə də, Suriya ordusu İsraillə yenidən hərbi əməliyyatlara başlaya bilər".
Billurə Quliyeva