Ukrayna sərhədində yeni cəbhə: Moskva nəyə hazırlaşır?

Bölmə: Siyasət › ,
Tarix: 20:18 23.05.2025

Rusiya və Ukrayna sərhədində təhlükəsizlik zonasının yaradılması barədə qərar qəbul edilib, Rusiya qoşunları bu məsələni həll edir. Bu barədə Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə operativ müşavirədə bildirib.

 

"Sərhədlər boyu zəruri təhlükəsizlik bufer zonasının yaradılması barədə qərar qəbul edilib. Hazırda silahlı qüvvələrimiz bu məsələni həll edir", – dövlət başçısı qeyd edib.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya uzun müddətdir Ukrayna ilə sərhəddə təhlükəsizlik zonası yaradılması məsələsini gündəmdə saxlayır:

 

"Əvvəllər bu ideya əsasən media nümayəndələri, ekspertlər və ictimai fiqurlar səsləndirirdisə, hazırda bu məsələni Rusiya hakimiyyətinin ən yüksək səviyyəsində – birbaşa Prezident dilə gətirir.

 

Bu zonanın yaradılmasında əsas məqsəd Ukraynaya veriləcək Qərb silahlarının qarşısını almaq və Rusiya ordusunun işğal etdiyi ərazilərdə möhkəmlənməsini təmin etməkdir. Rusiya Silahlı Qüvvələri manevr imkanlarını artırmaq və strateji üstünlük qazanmaq üçün bu zonanın yaradılmasını zəruri hesab edir.

 

Eyni zamanda, bu addım daxili siyasi hədəflərlə də bağlıdır. Son dövrlərdə Rusiya daxilində müxtəlif siyasi qruplar arasında gərginlik artmaqdadır. Xüsusilə Baş nazir Mixail Mişustin, Prezidentin köməkçisi Aleksey Dumin və Təhlükəsizlik Şurası sədrinin müavini, sabiq Prezident Dmitri Medvedev arasında siyasi rəqabət müşahidə olunur. Hələlik bu mübarizə açıq şəkildə ictimaiyyətə təqdim olunmasa da, daxili mənbələr bu şəxslər arasında informasiya savaşının getdiyini bildirir. Bu isə Putinin mümkün varisi uğrunda ciddi mübarizənin getdiyini göstərir. Prezident Vladimir Putin öz siyasi mövqelərini möhkəmləndirməyə və rəqiblərini neytrallaşdırmağa çalışır".

 

Politoloq əlavə edib ki, bundan əlavə, Rusiya regional güc kimi təsir imkanlarını artırmaq niyyətindədir:

 

"Mərkəzi Asiyada Çinin təsirinin artması və region ölkələrinin Avropa ilə yaxın münasibətlər qurması Kremldə narahatlıq doğurur. Rusiya keçmiş Sovet məkanında öz nüfuzunu qorumağa və genişləndirməyə çalışır. Son zamanlar SSRİ-nin hələ də mövcud olduğu barədə verilən rəsmi mesajlar da bu məqsədə xidmət edir.

 

Beynəlxalq səviyyədə isə Moskva yenidən güclü aktor kimi çıxış etməyə çalışır. ABŞ-nin Ukrayna ilə bağlı danışıqlardan çəkilməsi və Türkiyənin vasitəçilik təşəbbüsləri Rusiya üçün danışıqlar masasındakı mövqeyini gücləndirmək baxımından əhəmiyyətli amillər sayılır. Xüsusilə də İstanbul danışıqlarında Rusiya tərəfinin mövqeyini gücləndirmək bu strategiyanın əsas hədəflərindən biridir.

 

Gözləntilərə görə, Moskva yaxın vaxtlarda təhlükəsizlik zonasının yaradılması istiqamətində konkret addımlar atacaq. Yeni quru qoşunları komandanının təyin edilməsi və Prezident Putinin bu komandanlığa verdiyi tapşırıqlar da məhz bu məqsədə yönəlib. Rusiya ordusunun bundan sonra Ukrayna ilə sərhəddə bu zonanın yaradılması istiqamətində fəallaşacağı ehtimal olunur".

 

Aytən Ağazadə