"ABŞ ilə yeni hazırlıq gedir"-Arakçı

Bölmə: Siyasət › ,
Tarix: 23:12 23.05.2025

 

İranın xarici işlər nazirinin müavini Abbas Arakçı ABŞ ilə aparılan beşinci raundun yekunlarına dair çıxışında bildirib ki, İran və ABŞ arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün yeni danışıqlar raunduna hazırlıq gedir.

“Danışıqların davam etdirilməsi üçün tərəflər öz mövqelərini dəqiqləşdirmək və növbəti raundu təşkil etmək barədə razılığa gəliblər. Ümid edirəm ki, qarşıdakı bir və ya iki görüş ərzində razılaşdırılmış qərarlar qəbul olunacaq və bu da prosesi irəlilədəcək”, – Arakçı qeyd edib.

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, 2015-ci il nüvə sazişində tərəflərin öhdəlikləri aydın idi:

 

“2015-ci ildə İranla Qərb arasında nüvə sazişi imzalanmışdı və orada tərəflərin öhdəlikləri də çox aydın şəkildə müəyyənləşdirilmişdi. Həmin dövrdə Qərb şirkətləri İrana sərmayə yatırmağa da hazır olduqlarını nümayiş etdirmişdilər. Hətta müəyyən addımlar da atılmışdı. Lakin ABŞ-də Donald Tramp prezident olduqdan sonra birtərəfli qaydada İranla imzalanmış nüvə sazişindən çıxdı. Bundan sonra Qərblə İran arasında münasibətlər bütövlükdə yenidən gərginləşdi və İran 2019-cu ildə uranı zənginləşdirməyə başladı. Amma qeyd etmək lazımdır ki, İran nüvə sazişini imzaladıqdan sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) verdiyi məlumatlara əsasən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirirdi və uranı yalnız müəyyənləşdirilmiş həddə, dinc məqsədlər üçün zənginləşdirirdi. İran öhdəlik götürmüşdü ki, uranı təxminən 3,6 faizə qədər zənginləşdirəcək. Bu da nüvə silahı hazırlamaq üçün kifayət etmirdi, lakin dinc məqsədlərlə enerji əldə etmək üçün yetərli idi. Bu da onu göstərir ki, MAQATE-nin də qeyd etdiyi kimi, İran öhdəliklərini yerinə yetirirdi.

ABŞ sazişdən çıxdıqdan sonra isə İran da uranı zənginləşdirmək məsələsini aktuallaşdırdı və Tramp yenidən hakimiyyətə gəldikdən sonra artıq fərqli geosiyasi mövqelər sərgiləməyə başladı. Həm Rusiya ilə dialoq mühitinin yaradılması, həm də İranla təmasların qurulması istiqamətində addımlar atdı. Hesab edirəm ki, bunlar bir-biri ilə sıx bağlıdır. Yəni, ABŞ–İran danışıqlarına onların arasındakı təmaslar da müəyyən təsir göstərir. Tramp hətta İranı hədələyirdi, deyirdi ki, ya İran danışıqlar masası arxasına əyləşməlidir, ya da İran ərazisi bombardman ediləcək. Amma vəziyyət o həddə çatmadı. ABŞ və İran nümayəndələri arasında artıq bir neçə dəfə görüşlər keçirilib. Tərəflər bu görüşləri konstruktiv adlandırıblar və düşünürəm ki, ABŞ ilə İran arasında nüvə məsələsində ortaq məxrəcə gəlinəcək”.

 

Politoloq bildirib ki, ABŞ ilə İran arasındakı ziddiyyətlər daha da dərinləşə bilərdi:

 

“ABŞ İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılacağına da işarə edir və bu, şübhəsiz ki, regionun təhlükəsizliyi baxımından çox vacibdir. Belə ki, əgər ABŞ ilə İran arasında təmaslar qurulmasaydı və İran da uranı zənginləşdirməyə davam etsəydi, bu ziddiyyətlər daha da dərinləşə və silahlı qarşıdurmaya qədər eskalasiya oluna bilərdi. İsrail də bu gün İranı özü üçün əsas real təhlükə hesab edir və İsraildə də İran ərazisinə zərbələr endirmək istəyi olub. Lakin ABŞ bunu qəbul etməyib. Buna görə də düşünürəm ki, ABŞ İranla münasibətlərdə ziddiyyətlərin daha da dərinləşməsində maraqlı deyil. İran da ABŞ-nin bu yanaşmasına uyğun olaraq münasibət sərgiləyir və regionda genişmiqyaslı müharibədən və ya hərbi toqquşmalardan yayınmaq mümkün olacaq. Bu isə İran üçün çox yaxşı imkanlar aça bilər. İran kifayət qədər ciddi resurslara və təbii sərvətlərə malikdir. Əgər ABŞ ilə İran arasında münasibətlər normallaşarsa, İrana tətbiq olunan sanksiyalar aradan qaldırıla bilər. Bu zaman İrana sərmayələr yönləndirilə bilər və böyük Qərb şirkətləri İranda öz fəaliyyətlərini qura bilərlər. Bu da İranın iqtisadiyyatı üçün, məncə, çox müsbət təsir göstərəcək. Sanksiyalar səbəbindən İranın milli valyutası çox ciddi dəyər itirib və bu proses, demək olar ki, gündəlik rejimdə davam edir. Bu və digər istiqamətlərdə vəziyyət ciddi şəkildə yaxşılığa doğru dəyişə bilər. Bu, həm region üçün, həm də İranın özü üçün iqtisadi, siyasi və təhlükəsizlik baxımından çox müsbət nəticələrə gətirib çıxara bilər”.

 

Lalə Qurbanlı