BDU Könüllüləri Təşkilatının Şərqşünaslıq fakültəsində Müstəqillik Günü münasibətilə tədbir keçirilib

Bölmə: Sosial › ,
Tarix: 20:38 23.05.2025

23 may 2025-ci il tarixində Bakı Dövlət Universitetində 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbir BDU Könüllüləri Təşkilatının Şərqşünaslıq fakültəsinin idarə heyəti və könüllülərinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

 

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə aparıcı qonaqları salamlayıb və günün mahiyyətini vurğulayıb. Açılış nitqi üçün Bakı Dövlət Universitetinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Şahin Yusifliyə söz verilib. O, 28 May tarixinin əhəmiyyətindən, həmin gün müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasından və eləcə də Bakı Dövlət Universitetinin 1919-cu ildə təsis olunmasından bəhs edib. Şərqşünaslıq fakültəsinin milli və elmi sahədəki rolu xüsusi qeyd olunub.

 

Tədbirdə 28 May mövzusunda videoçarx nümayiş etdirilib, Azərbaycanın keçdiyi siyasi yol və dövlətçilik uğrunda aparılan mübarizələr əks etdirilib.

 

Daha sonra debat təşkil olunub. Jurnalistika fakültəsinin tələbələri mövzu ilə bağlı çıxışlar edərək fikir mübadiləsi aparıblar.

 

Bədii hissədə Jurnalistika fakültəsinin tələbəsi Həsənzadə Nigar 28 May mövzusuna həsr olunmuş şeir səsləndirib. Onun çıxışı tədbirə bədii məzmun və xüsusi rəng qatıb.

 

Tədbir təşəkkürlərlə yekunlaşıb. Belə görüşlərin gənclərdə milli dəyərlərə bağlılığı gücləndirdiyi vurğulanıb.

 

Nigar Həsənzadə